Dəyərli insanlar mələk kimidir
Hafiz müəllim üçün əlamətdar bu gündə onunla bağlı bir neçə məqamı qeyd etmək istəyərdim. Çünki, bu gün hörmətli Hafiz müəllimin anadan olduğu gündür. və mən gözəl duyğularla onu doğum günü münasibətilə təbrik edir, Uca Tanrıdan sizə möhkəm cansağlığı arzulayıram.
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir. 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir. 1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
02 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib. 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə «Şərəf» ordeni ilə təltif edilib. 9 iyul 2019-cu ildə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub. 29 aprel 2021-ci ildə 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.
Həsən Əliyev
AVMVİB Gənclərlə iş üzrə şöbə müdiri