Dualarımız səninlədir, Xaqan…
Bizi gördüyünə, səsimizi eşitdiyimə əmin idik. Bunu soyuq mərmərdən boylanan isti baxışlarından duyurduq. Başqa cür ola bilməzdi. Axı, başqa cür olması mümkün deyildi. Amma belə olmamalıydı…
Nə edək, olacağa çarə yoxdur, – deyirlər. Amma əlimizdən nə gələr? – sualını özümüzə verməyə haqqımız yoxdur. Birlikdə başladığımız yolumuza davam etməliyik. Ünvanını nişan verib, bələdçiliyini elədiyin, işıq saldığın həmin yolu son dayanacağına qədər getmək boynumuzun borcudur.
…59 il 15 gün. Ömür kitabının tarixçəsi buna yetmiş Xaqani Ədəb oğlu Rzaquliyevlə görüşə getmişdik. Onun sağlığında güvəndiyi və ərk elədiyi altı nəfər, altı məsləkdaş Xaqanımızla bir az söhbətləşdik. Bu, sadəcə ziyarət deyildi, həm də ona verəcəyimiz hesabat idi. Onun yazdığı milli manifestin hədəflədiyi son məqsədə doğru getdiyimiz yolda gördüyümüz və görəcəyimiz işlərin hesabatını verdik.
…Hə, ayrılanda deməyi unutduq, ruhun sevinsin, baba olmusan. Elə danışırıq ki, guya xəbərin yoxdur. Sən axı bu şad xəbəri hamımızdan əvvəl eşitmisən, üstəlik, o məhrəm baxışlarınla nəvənin hələ mələklərlə oynayan çöhrəsinə sığal da çəkmisən. Adını Elay qoyublar, Uca Yaradandan ona xoşbəxt ömür-tale diləyirik.
Bizim dualarımız isə Tanrı dərgahında daim Böyük Türklədir.
İmran, Zəkəriyyə, Etibar, Dəyanət, Sarvan və Pərviz.