27.07.2024

“Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı AVMVİB sədrinin bəyanatı

2024-cü il martın 22-də Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert zalında kütləvi terror aktı törədilmişdir. Nəticədə xeyli günahsız insan həlak olmuşdur.

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədri Füzuli Rzaquliyev törədilmiş teraktla bağlı Veteran.az saytına bunları bildirmişdir:

«Biz terrordan əziyyət çəkən bir xalq kimi bunun nə demək olduğunu çox gözəl bilirik. 1994-cü ildə Bakı şəhər metrosunda həyata keçirilən terror aktı, 44 günlük Vətən Müharibəsi dövründə Gəncə, Bərdə və Tərtər şəhərində dinc sakinlərə qarşı həyata keçirdikləri silsilə təxribatlar terror aktıdır. «ASALA» kimi terror təşkilatının və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının fəaliyyəti təkcə Türkiyə və Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı işlənmiş cinayətdir. Lakin, Rusiya Federasiyasının «Rossiya» telekanalının aparıcısı, jurnalist Vladimir Solovyovun məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri, eyhamları ölkəmizə münasibətdə informasiya təxribatıdır. O, nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun “konsprioloji təfəkkürü”nü işə salmasına heç bir ehtiyac yoxdur. Onun təxrtibata bu şəkildə etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna növbəti zərbə vurmaq cəhdidir. Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır».

Qeyd edək ki, Solovyovun erməni əsillilərlə “işbirliyi”ni təsdiqləyən  faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə çoxdan məlumdur. Belə ki, o, 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirməyə cəhd etmişdir. “Crocus City Hall” terroru ilə bağlı eyhamları eyni yarıtmaz “dəst-xəttin” davamıdır. Hiss olunur ki, başlıca məqsəd Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir».

Qeyd edək ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) V.Solovyovun və onun kimilərinin “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. MQF Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. Ümidvarıq ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli ictimai və hüquqi qiymət veriləcək.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: