Müharibə veteranlarına ana qayğısı göstərən həkim
İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra öz elmi ilə həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur.
Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməmişdir. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.
Akademik Konstantin Skryabinin tədrincə desək, insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.
Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Həkim insan sərrafı olmalıdır. Həkimlə danışdıqdan sonra xəstə yüngülləşmirsə, deməli, o, əsl həkim ilə danışmayıb.
Həkimlər təbiətən təəccüb doğurur, bəzən onların ünvanına tənqid və narazılıqlar səslənir. Amma hamımız anlayırıq ki, bizim sağlamlığımızı qoruyan həkimlər bəzən həyat şəraitinə, həyat qanunlarına tabe olmayan risklər alırlar, hansı ki, biz bunu etməyə çox çətinlik çəkərdik.
Belə həkimlərdən biri də akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının I Cərahiyyə şöbəsinin Proktologiya bölməsinin cərrah-proktoloqu Kazımova Telli Bayram qızıdır. Telli xanım həm bir həkim, eyni zamanda, bir ana kimi müharibə veteranlarımızın və qazilərimizin sağlamlığının keşiyində dayanan, onların səhhəttinin qorunmasında yorulmadan fəaliyyət göstərən, qayğı ilə yanaşan əsil vətənpərvər xanım, xalqımızın sağlamlığı keşiyində yorulmadan dayanan «el anası»dır. Sözün əsil mənasında öz peşəsini ləyaqətlə yerinə yetirən həkimlərə biz insanların, xüsusilə müharibə veteranlarımızın və qazilərimizin hər zaman ehtiyacı olub, olacaq da.
Onun bu şərəfli peşədə yorulmaz fəaliyyətini və müharibə veteranlarına göstərdiyi diqqət və qayğısını nəzərə alaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Kazımova Telli Bayram qızını AVMVİB-in «Böyük Zəfər» xatirə medalı ilə təltif etmiş, o cümlədən təşkilatın üzvlük vəsiqəsini Telli xanıma təqdim etmişdir. Qeyd edək ki, Telli xanımın özü ilə yanaşı, həm də həyat yoldaşı Qarabağ müharibəsi iştirakçıları və veteranıdırlar.
Biz də öz növbəmizdə Telli xanımı təbrik edir, ona bu şərəfli işində uğurlar arzulayırıq!
AVMVİB Mətbuat xidməti