27.07.2024

AVMVİB Neftçala şəhər şöbəsində «20 yanvar» faciəsi anıldı

17.01.2024-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala şəhər şöbəsi Bankə qəsəbəsinin 2-№ tam orta məktəbində «Qanlı 20 yanvar faciəsi» mövzusuna həsr olunmuş tədbir keçirmişdir.

JaHih2n.jpg

Tədbirdə Neftçala şəhər «20 Yanvar» təşkilatının üzvü, «20 Yanvar» əlili və Neftçaladan seçilmiş millət vəkili Sabir Rüstəmxanlının köməkçisi, eyni zamanda Azərbaycan Respublikasının «Azadlıq uğrunda mübariz» fəxri adına layiq görülmüş Fərman Hüseynov və onunla eyni qədəri paylaşan, eyni adlara sahib olan Ramiz Hüseynov, hazırda dünyasını dəyişmiş amma fərəhlə atasının yolunu gedən, 20 Yanvar əlili və Azərbaycan Respublikasının «Azadlıq uğrunda mübariz» fəxri adı almış Ələkbər Talıbovun oğlu Pünhan Talıbov, Şəhid Ağamalıyev Rövşənin atası, Neftçala şəhər Bankə qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Ağamalıyev Baloğlan Rəhman oğlu, AVMVİB-in Neftçala rayon şöbəsinin İdarə Heyəti və veteranları, 1990-cı il yanvarın 25-də Neftçala şəhər Bankə qəsəbəsindəki hərbi hissədə törədilən qətliamın canlı şahidi olan Bankə sakinləri Quliyev Ərzuman, Həsənov Xalıq, 44 günlük Vətən muharibəsinin qəhraman qaziləri, o cümlədən müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişdir.

Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi. Dövlət himi səsləndirildi. Tədbiri AVMVİB Neftçala şəhər şöbəsi adından 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə xanım açıq elan etdi.

Lamiyə xanım tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, 20 Yanvar — Ümumxalq Hüzn Günü heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Şəhid olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Tədbirdə ilk söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala şəhər şöbəsinin sədri Mübariz Hüseynova verilib. O, çıxışına şair Məmməd Arazın məşhur misraları ilə başlayıb:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.


Daha sonra təşkilat sədri qonaqları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ilə tanış etmişdir. O, bildirmişdir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 29 il ərzində ölkəmizin ictimai-sıyası tədbirlərində fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai təşkilatlardan biridır. AVMVİB-nin Neftçala şöbəsinin sədri 20 Yanvar faciəsini onu bilavaisitə yaşayan Fərman Hüseynovdan dinlənməsini məqbul hesab edərək 20 yanvar hadisəsindən əvvəl olan məsələlərə toxunmuşdur.

O, Müqəddəs kitabımıza isinad edərək («Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları gözlərin bərələcəyi günə qədər təxirə salır. Quran: 14. İbrahim surəsi 42 ayə) Azərbaycan-erməni müharibəsinin 1803 və 1905–1915 və başqa tarixlərdən başlayan savaşından danışaraq ən yeni tarixə, yəni 9 Yanvar 1990-cı il Gəncə hadisəsi, Şəhid Rüzgar, Bəxtiyar və Abasquludan danışmağa başlayaraq Murov dağın başından Arazın kənarına qədər döyüş keçdiyi yerlədən danışdı. Daha sonra Mübariz Hüseynov Şəhidlə Qazilərin fərqinin nə olduğunu qonaqlara Quranın dili ilə anlatdı.

Sonra isə çıxış üçün söz Neftçala şəhər 20 Yanvar təşkilatının üzvü, 20 Yanvar əlili və Neftçaladan seçilmiş millət vəkili Sabir Rüstəmxanlının köməkçisi, eyni zamanda Azərbaycan Respublikasının «Azadlıq uğrunda mübariz» fəxri adı almış Fərman Hüseynova verildi. Hadisənin canlı şahidi olan Fərman Hüseynov öz çıxışında 25 YANVAR FACİƏSİ kimi tarixə həkk olunmuş o hadisənin əfsanəvi qəhramanlarından danışdı. Fərman müəllim sanki bir daha o anları təkrar yaşayırdı. O, şəhidlərimizə nə qədər qəmləndisə, bir o qədər də «20 yanvar» faciəsinin bizim xalq üçün qürur mənbəyi olmasından fərəhləndi, gənclərə «niyə biz şəhid verdik, niyə biz qazi olduq» deyə bunların səbəbini anladaraq “Bizim gələcəyimiz sizlərsiniz” dedi və tədbir iştirakçılarına “məni deyil, istəyirəm ki, şəhidlərimizi və qəhraman oğullarımızı alqışlayasınız” — deyib sözünü bitirməmiş zalda əyləşən hər kəs ayağa qalxaraq alqışlarla Fərman müəllimin dediklərinə dəstək nümayiş etdirmişlər. Fərman müəllim böyük heyrət içində “Elə zənn etdim ki, sizlər oturduğunuz yerdən əl çalacaqsınız, deməli, şəhidlərimizin əməyi hədər getməmişdir” deyə qürurla vurğulamışdır. Fərman müəllim göz yaşları içində tədbir iştirakçılarına və AVMVİB-nin Neftçala şəhər şöbəsinin sədri Mübariz Hüseynova öz minnətdarlığını ifadə etmişdir.

Növbəti çıxış üçün söz 20 Yanvar təşkilatının üzvü, 20 Yanvar əlili və Azərbaycan Respublikasının «Azadlıq uğrunda mübariz» fəxri adı almış Ramiz Hüseynova verilmişdir. Ramiz müəllim həmin kecmiş günlərə qayıdaraq Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı, 1786-cı ildən Gəncəni idarə edən Cavad xandan başladı 1803 ermənilərə qarşı tək savaşan Gəncə xanı Cavad xandan danışaraq qonaqları və böyüyən gənc nəsli tariximizi unutmamağa cağırmışdır. Ramiz müəllim Qanlı 20 Yanvar faciəsinin ağırlı günləri xatırladaraq bildirmişdir ki, Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislərn də olduğundan xəbər verərək, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala şöbəsi, müdruk dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlarla birlikdə xatirə şəkili çəkildi.

JaHUeII.md.jpg

P.S. AVMVİB-in Neftçala şəhər şöbəsi adından 2 saylı tam orta məktəbin direktoru Səbinə xanıma, həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lamiyə xanıma, tədbirin keçirilməsi üçün əziyyət olan AVMVİB-in Neftçala şəhər şöbəsinin müavini Rahim müəllimə, AVMVİB-in Neftçala şəhər Bankə qəsəbəsinin özəy sədri Qazi Arif Abbasova, AVMVİB-in Neftçala şəhər şöbəsi adından öz dərin TƏŞƏKKÜRÜMÜZÜ bildiririk.

AVMVİB-in Neftçala şəhər şöbəsinin sədri Mübariz Hüseynov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: