YAP güclü siyasi təşkilat kimi cəmiyyətin aparıcı qüvvəsinə çevrilib – Millət vəkili
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin ağır və keşməkeşli günlərində xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək qərarı ilə yaradıldı. Ən yeni tariximizə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi oldu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Bunu Fedai.az Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ölkəmizin həyatında çox böyük dəyişikliklərə səbəb olan Yeni Azərbaycan Partiyasının yaranması həmin dövr üçün zərurətə çevrilmişdi: “Ümummilli Lider Heydər Əliyevin iradəsi ilə Yeni Azərbaycan Partiyasının yaranması mühüm və çətin bir dövrə təsadüf edib. Məhz bu kontekstdə Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilmiş oldu. Bununla da müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Azərbaycan tarixinin səhnəsində Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi”.
Deputat bildirib ki, Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi: “Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP-ı “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltmiş oldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Prezident İlham Əliyevin seçilməsi ilə partiya həyatında yeni dönəm başladı”.
Millət vəkili vurğulayıb ki, ölkəmizin və regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirib: “Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını formalaşdırıb. Başlıca prinsip isə vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdən biri kimi qəbul olunmasıdır. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş YAP-ın qərarları, konfransları və qurultayları hər zaman ölkəmizin gündəminə çevrilib. Tarixi Zəfərdən, Vətən müharibəsindən sonra ölkəmizin həyatında baş verən mühüm dəyişikliklər YAP-ın da yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilməsi, yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü hesab edilir”.
Aqil Məmmədov bildirib ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinə müvafiq olaraq YAP öz təşəbbüsləri sayəsində partiyalarası siyasi dialoqu stimullaşdırıb: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alsaq ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşib. Həmçinin YAP milli həmrəyliyi yaşadan uğurlu iqtidar-xalq modeli ortaya qoymağı bacaran siyasi təşkilatdır. YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başlayan güclü bir siyasi təşkilat kimi formalaşıb. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv olub. Partiyanın strateji hədəfi məhz güclü, qalib inkişaf edən Azərbaycan olub. Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı partiyanın əsas hədəfidir. Məhz bu kontekstdə hazırda ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının ən yüksək təminatı da YAP-ın əsas istiqamətlərindən biri kimi qəbul olunub. Bu gün qalib Azərbaycanın ən güclü siyasi təşkilatı olaraq YAP dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini təşviq edir”.