27.07.2024

AVMVİB 27 Sentyabr — Anım günü tədbirlərinə start verib

27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi bir gündür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bu günün qeyd olunmasına start verib. Artıq rayon şöbələri bu gündən etibarən tədbirlər keçirir, şəhid məzarlarını ziyarət edirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, 27 Sentyabr Prezident, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il Anım Günü kimi qeyd edilir. 27 Sentyabrın Anım Günü kimi qeyd olunması prezidentimizin, xalqımızın və ordumuzun birlik simvoluna çavrilməkdədir. Azərbaycan xalqının şəhidlərimizə, onların müqəddəs ruhuna ümumxalq ehtiramının təzahürüdür. Ali Baş Komandan İlham Əliyevin göstərişi və imzaladığı Sərəncamlar əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilir, onların adı müxtəlif küçə və məktəblərə verilir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir və bu işdə 89 minlik üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) xüsusi rolu var. Bir çox rayonlarda AVMVİB rayon şöbələri şəhidlərimizin xatirəsinin əbədiləşdirmək üçün Xatirə komplekslərinin tikilməsində yaxından iştirak edib.

F. Rzaquliyev qeyd etdi ki, tariximizə 44 günlük Vətən müharibəsi adıyla həkk olunan bu tarixi gündə on minlərlə Azərbaycan övladının Vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılması ilə bir millətin qüruru bərpa edildi. Bir Dövlətin ərazi bütövlüyü bərpa edildi. Şəhidlərimizin qanı alındı. Düşmən öz havadarları ilə birgə məhv edildi. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar və onun mümkünsüz sayılacaq bir hədəfi güc və şücaətlə əldə etməsini müasir hərb aləmi heyrətlə qarşıladı. Xüsusiylə də dünyanın hərbi potensial baxımdan ən inkişaf etmiş dövlətləri olan NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə və qazanılmış bu Zəfərin detallarını təhlil etməkdə və öyrənməkdədirlər. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sərgilədiyi taktika və planlı müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə, Şuşa kimi əlçatmazlığı çətin xəyal olunan bir ərazidə yüngül silahlarla uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı hələ də hərbi ekspertləri ciddi surətdə araşdırmalar aparmağa sövq eləyir. Bizlər bu şanlı tarixi yazan hər bir əsgər və zabitimizi, qazilər və şəhidlərimizi bu gün anmaq üçün buradayıq.

AVMVİB sədri uğurla başa çatan antiterror tədbirlərindən söz açaraq bildirdi ki, ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliyi və zərgər dəqiqliyi nəticəsində aparılan bu hərbi tədbirlər ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcud olması, terrorçuların mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq son 24 saat ərzində onların ağ bayraq qaldırıb təslim olması ilə yekunlaşmasını ordu quruculuğu istiqamətində görülən işlərin və şəxsi heyətin peşəkarlığının nəticəsidir.

Bu gün 1918-ci ildən bu Vətən uğrunda canından keçən bütün şəhidlərimizi rəhmətlə anırıq. Ümummilli öndər Heydər Əliyevi rəhmətlə anırıq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: