08.09.2024

ABŞ mətbuatı Ermənistanın sülhə yaratdığı problemlərdən yazdı

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında «Erməni ictimai rəyi sülhə maneədirmi?» sərlövhəli məqalə dərc olunub. 

Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd olunub ki, nüfuzlu “Gallup” təşkilatının bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin təxminən 82%-i baş nazir Nikol Paşinyanın Qarabağın dağlıq hissəsini Azərbaycan ərazisi kimi tanımaq bəyanatını rədd edir. Ermənilərin təxminən 86%-i Qarabağ ermənilərinin gələcəyini Azərbaycan dövlətinin tərkibində təsəvvür etmir.

Sözügedən sorğu Beynəlxalq Respublika İnstitutunun 2021-ci ildə analoji sorğu keçirməsindən sonraya təsadüf edir və sonuncuya görə, ermənilərin 35%-i Qarabağın dağlıq hissəsinin müstəqil dövlət kimi tanınmasını, 34%-i Ermənistanın tərkibinə inzibati vahid kimi daxil edilməsini, 16%-i Ermənistanın tərkibində xüsusi statuslu bölgə olmasını, 11%-i isə Rusiyaya birləşdirilməsini münaqişənin məqbul həlli hesab edir. Ermənilərin yalnız 1%-i Azərbaycanla kompromisdən ibarət başqa variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib. Eyni sorğu göstərib ki, ermənilərin 90%-i Azərbaycanla Ermənistan arasında münasibətləri çox pis hesab edir, 77%-i Azərbaycanın onların ölkələri üçün ən böyük siyasi təhlükə olduğu qənaətindədir, yalnız 4%-i hesab edir ki, ölkəmizlə münasibətləri yaxşılaşdırmaq üçün səylər göstərilməlidir.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan 2022-ci ildə Ermənistanla sülhün bərqərar olması üçün beş prinsipi müəyyən edərkən İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını təməl şərt kimi irəli sürdüyü halda, əksinə, ermənilərin ölkəmizlə sülh məsələsinə vahid baxışı yoxdur. Əslində baş nazir Nikol Paşinyan güzəştə getməyə hazır olduğunu nümayiş etdirsə də, Ermənistanla Azərbaycan arasında imzalanan istənilən sülh müqaviləsinə erməni diasporunda, bu ölkənin parlamentində və Qarabağ separatçılarının liderləri arasında güclü müqavimət var.

İsrailli politoloq bu mənada Ermənistan ictimai rəyini iki ölkə arasında sülh müqaviləsinin uğurla bağlanması yolunda əsas manelərdən biri kimi dəyərləndirir. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinə nail olunması prosesini uğurla başa çatdırmaq üçün Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü tanımaqla kifayətlənməməli, erməni xalqını sülh müqaviləsini dəstəkləməyə təşviq etməlidir, əks təqdirdə, əldə olunacaq sülh uzun sürməyəcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//foreignpolicyblogs.com/2023/06/20/is-armenian-public-opinion-an-impediment-for-peace/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: