05.09.2025

X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində

Azərbaycan paytaxtında ötən gün işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub.

“Veteran.az” “AZƏRTAC”a istinadən xəbər verir ki, məqalələrdə Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr apardıqları, müasir çağırışlarla bağlı həll yollarını araşdırdıqları qeyd olunub.

İtaliyanın Nova agentliyində yayımlanan “Qlobal Bakı Forumu davam edir, Avropa və Asiya arasında problemlər və imkanlar”

mövzusunda məqalədə Prezident Sercio Mattarellanın Forum iştirakçılarına təbrik məktubu yolladığı qeyd olunub və məktubda yer alan fikirlərə yer verilib. İtaliya Prezidentinin məktubda Qlobal Bakı Forumunun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd edilib ki, Prezident Sercio Mattarella təbrik məktubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etdiyini və bunu bir daha təsdiqlədiyini xüsusi vurğulayıb.

Bu ölkənin “Askanews.it” portalında dərc olunan “Qlobal Bakı Forumu anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ edir” sərlövhəli məqalədə Forumda mühüm mövzularda müzakirələrin aparılacağı bildirilib. Qeyd olunub ki, Forumun birinci günündə NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri və qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, o cümlədən nüvə və ərzaq təhlükəsizliyi, həmçinin daşımalar, enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər də müzakirə olunacaq. Bununla yanaşı, Forumun gündəliyində enerji dəhlizlərinə dair mövzuların da yer aldığı, mühüm enerji qovşağı və qaz təchizatçısı kimi önəmi getdikcə artan Azərbaycanın rolunun İtaliya üçün vacib önəm daşıdığı vurğulanıb.

Yazıda Prezident Sercio Mattarellanın təbrik məktubunda Forumun olduqca mühüm mövzuya həsr edildiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərin əməkdaşlıq və dialoqun, qarşılıqlı anlaşma və sülhün təşviqinə yönəldiyini bildirdiyi qeyd olunub.

Bosniya və Herseqovinanın aparıcı nəşrlərində də Qlobal Bakı Forumuna dair məqalələr yayımlanıb. Bu ölkənin “Slobodna Bosna”, “Dnevni Avaz”, “Federalna.ba”, “Vijesti.ba”, “Mostarski.ba”, “Biznis.ba” və digər portallarında yer alan yazılarda bildirilib ki, Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.

Anadolu agentliyində yayımlanan məqalədə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü təşəbbüslər, Ermənistanın bu mühüm fürsəti əldən verməməsi barədə dövlətimizin başçısının çağırışı, Ermənistanın işğal dövründə törətdiyi cinayət əməlləri barədə fikirlərinə geniş yer verilib.

“Hürriyet” qəzetində dərc olunan yazıda isə Azərbaycan Prezidentinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar, qazın ixracının genişləndirilməsi, yaşıl enerjinin ixracına başlanılması barədə fikirləri oxucuların diqqətinə çatdırılıb. Məqalədə dövlətimizin başçısının “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq” fikri xüsusi vurğulanıb.

Qeyd edək ki, bütün məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunun dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrildiyi qeyd olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: