15.10.2024

Borcunu ödəmədiyimiz ömrün borclu illəri

Bu il də böyümədik, yenə bir il kiçildik! İllərdir, əsrlərdir kiçilə-kiçilə gəldiyimiz kimi!

Bu il də aydınlaşdırmadıq ki, ingilismi, almanmı, rusmu, bəd ayaqda, ermənimi olaq?

Bu ilin də təzə nəfəsi, imzası olmadı – heç bir sahədə! Yenə əvvəlki illərdə şair, nasir, jurnalist, idmançı, alim adına kimsə ortaya &;ıxırdı! “Əlvan və qara metalların təkrar emalı zavodu” da işləmir, heç olmasa köhnələrin sıçrayış edib yeni zirvələri fəthini alqışlayaq. Sabahda-zadda müxalifət də “Zirvə” toplantısını köhnələrlə keçirəcək. Hakimiyyət də – həm qocalıb, həm köhnəlib, həm də…

Sabit və düzxətli inkişafı olmadı bu dövlətin də, hakimiyyətin də, iqtisadiyyatın da, ədəbiyyatın da, mədəniyyətin də!

Bütün sahələrdə qoçu təfəkkürü sərgiləndi! Üstəlik də, ən murdar formada – söyüş, təhqir, hədə-qorxu, yalan, riya ən müxtəlif çalarlarda nümayiş etdirildi! Hannibalizmin bizdə də nümayəndələri olduğu bəşəriyyətə məlum oldu!

… Hamı xalqdan istədi – heç kim heç nə vermədən istədi!

… Heç kim dünyada etirafı üçün addım atmadı, hamı istədi ki, bu xalq ona səcdə etsin – İlham Əliyevindən ta Əli Kərimlisinə qədər! Şairi, yazıçısı, jurnalisti, hamısı e, hamısı! Ən dəqiqi, iddiası olanlar belə performansda bulundular!

Heç biri nümunə ortaya qoymadı, hökümətin də ağlına gəlmədi belə bir layihə həyata keçirsin: Adam balası, kişi və istedadlı bildiklərimə həmişə tövsiyəm olub, demişəm, deyirəm, deyəcəyəm də:

– İngilis (alman, fransız, italyan, rus, lap bəd ayqda, ərəb) dilini öyrənməkdən və bu dildə ifadədən keçir bizim sözümüzün demarşı. Əlbəttə, İngiltərədə (Almaniyada, Fransada, İtaliyada, Rusiyada, Ərəb Ölkələrində) lap körpə uşaq da ingiliscə (almanca, fransızca, italyanca, rusca, lap bəd ayaqda, ərəbcə) gözəl bilir, bu dil(lər)i bilmək heç də hamının və hər kəsin dahiliyinin etirafını təmin etmir, təfəkkür əngin olmalıdır, savad zəngin olmalıdır, elmi-fəlsəfi sanbal tutumlu olmalıdır, əmin olmalısan ki, sənin dediklərin, yazdıqların, etdiklərin bəşəriyyət üçün faydalıdır və supergüclər üçün önəm daşımalıdır, səndə olanın başqasının əlinə keçməməsi üçün can atılmalıdır dövlət səviyyəsində!

Hötesi, Heynesi, Şekspiri, Bayronu, Sartrı, Qalileyi, Nyutonu, Teslası olan xalqları heyrətləndirəcək qədər deyilsənsə, öz külünü tök öz başına, camaatın ətrafını, üst-başını zibilləmə, əhvalını korlama və anla ki, Azərbaycan tarixən o dövlətlərə və o rəhbərlərə müti ölkələrdəndir ki, burada istedad, savad heç vaxt önəm daşımayıb, daşımır, daşımayacaq. Burada dəyər yaltağın-yalağın, buqələmunun, həyasızın, arsızın, yalançının, üzəduranın, işverənin nəsibidir! Burada naziri işə təyin edəndə prezident sözarası ondan qaynanası ilə intim münasibətlərinə replika ataraq necə işləməli olduğunu xatırladıb haçansa! İcra başçısından vətənə xidmət adıyla məlum fonda nə qədər pul köçürdüyünü dəqiqləşdirib! Burada… komitə sədri təyin edilərkən üç namizəddən birinə ona görə üstünlük verilib ki, “sobesedovanie”-söhbət zamanı o, eşşəklə təmasın özəl məqamlarını dilə gətirməkdən çəkinməyib!

Buraya Harvard, Kembric, Oksford, Yel, Kolumbiya Universitetlərini bitirib gələn iqtisadçı, hüquqşünas, həkim, tarixçi, jurnalist, ədib başçıya, rəhbərə yaltaqlıqda kreativlik göstərib! Xalqın cibindən, canından daha nə qədər və maksimum pul qoparmağın variantlarını işləyib təklif edib, söyüş və təhqir, yalan və riya mexanizmlərinin tətbiqini ortaya qoyub!

Mircəfər Bağırov Stalinlə dost olub – Qarabağ qismən, Qərbi Azərbaycan rəsmən əldən gedib!
Heydər Əliyev Brejnevlə, Andropovla, Sviqunla dost olub, pambıq əkib zəhərlənmişik, azərbaycanlılara Moskvada maşın satışı qadağan edilib, “pripiska” tətbiq olunub, yalançı və saxta əmək və elm qəhrəmanlarımız artıb, tayfabazlıq, klançılıq ənənəsi qoyulub!

Putinlə, Meylə, BP ilə, ABŞ-la, Fransa ilə dostdurlar, pullarımız onların banklarında yuyulur, torpaqlarımızı geri almağa qoymurlar, neftimizin gəlirlərinin 75 faizdən artığını bizdən alacaqlarına rəsmən qol çəkdirirlər müqavilələrdə… təhdidləriylə!

Və biz dünyaya humanistlyimizi soxuşdurmaq istəyirik!

Erməniylə şərab içməyə hazır olduğumuzu bəyan edirik, erməniyə nifrət bəsləyən nəslin yetişəcəyindən əndişələndiyimizi bəyan edirik, dəlik-deşik saxlamırıq girməyə, ancaq bizə inanmırlar. Çünki bilirlər ki, biz elə Hadi Rəcəbli səviyyəsində yalançı, böhtançı, riyakar vücudlarıq – öz xalqına böhtan atan, ona yalan deyən, haqqını tapdayan, şəhidini qatil sayan kontingentin nə hörməti olasıdı ki? Kimdi onun şairini, nasirini hesaba alan?

Viktor Hüqonu parlamentdə, Bismarkı taxtda, Brunonu, Qalileyi, Robespyeri gilyotində görən xalqlar Rüstəm Behrudinin pafosuna, Aqşin Yeniseyin yazdığı məktuba, Şəhriyar del Geraninin it kimi darıxmağına harasını tərpədəcək ki? Ramiz Rövşən kimi əjdahasının dilənçisinin əlinə verməyə pulu olmamasını əyilib əlini öpməsiylə kompensasiya etməsini haracan səmimi sayacaq ki?

Baxın 1988-1998-ci ilin jurnalistikasına! Eləcə də ədəbiyyatına.
Baxın 2008-2018-ci ilin jurnalistikasına! Eləcə də ədəbiyyatına!
Həmədan eşşəyi qabağa gedib bu illərdə, biz dala getmişik!

1998-2008-ci illərdəki münasibət bəs elədi. Ki… döyüş və mübaribə jurnalistikası, ədəbiyyatı çezsin! Torpaq və vətən uğunda, demokratiya və insan haqları uğrunda savaş keçsin… paça müstəvisinə!
1988-1998-ci illərdə yazanların yazdıqları qəzetləri yandırırdılar! Özlərini həbs edirdilər – sovet qafalı gənclər idi!

2008-2018-ci illərdə mükafatlandırırlar – biri siqaret çəkən, şərab içən qız hayındadı, biri gəzmək üçün, pivələmək üçün, araq-şərab içmək üçün pul hayındadı, biri intim həzz üçün ev axtarışındadı, biri iki dəfə aldığı təqaüdü alıb qurtarandan sonra asi obrazını formalaşdırmaqdadı, halbuki Bakıda vağzalda salafanlı qaloşlarını çıxarandan sonra yer qalmayıb yuxarı başda əyləşdirsinlər, ehtiyaclarını təmin etsinlər!
Ədəbi-bədii, publisistik yazılarda işlənmiş “olvis-ultra” üfunətindən ikrah bir yana, qusma baş verir!
İqtisadi layihələrdə feodal təfəkkürü, siyasi debatlarda məhəllə arvadlarının saçyoldusu, diplomatik ranqlarda Molla Nəsrəddin lətifələri hakimdir!

Başqalarını demirəm, ərkim Mirzə Sakitə çatır, onun adını çəkirəm, allah bilir neçə ildi Avropadadı, düşüb e İlham Əliyevlə Allahşükür Paşazadənin üstünə, buna Xudayar deyir, o birisinə Şeytanşükür, halbuki… bu illər ərzində dili mükəmməl öyrənib ortaya indiki “dahi”lərin diliylə desək, mətn qoya bilərdi! Zalım balası, orda da ac qalmırsan ki, səni tutub içəri qoymurlar ki? Səhərdən-axşama pivə, şərab içməyini, türmə olaylarını, İlham-Allahşükür tandemini “vəsf” etməklə məşğulsan! Allah insaf versin, fahişəyə iki dəfədən artıq fahişə deyirsən, bığıburma oğlanlar durur fahişəni müdafiə edir ki, ala, özü bilər, sənə nə?
Adama deyərlər, ay Mirzə, guya F7, Mossad, Ettelaat, CİA bilmir ki, bunlar hardan hara nə aparır, kimi nəylə necə alırlar, kimin yatağına kimi ötürürlər? Guya sən indi yazanda nə olacaq ki? Xalq ayağa durandı ki? Duran xalq 26 fevralda durardı! 20 yanvarda durardı! O biri günlərdə durardı! Sənin azərbaycanca yazdığın o həcvlər nəyi dəyişəcək? Mirzənin biri də sən ol da, məsələn, Vazeh kimi! Fəth elə də Belçikanı!

O biri “möhtəşəm”lər də həmçinin – biri azıb itəndən sonra peyda olur müsahibə verir söymək olmaz, o birisi jurnalistika prinsiplərini müəyyən edir, selbə atır, bir başqası çəngəlin sol əllə tutulması etiketini xırdalayır, altda qalanın biri kök kişilərlə intim pozaların incəliyinin ləzzətindən göftgu edir… sanki Avropaya elə bunları demək üçün gediblər!

Moskvada “SPİD-İnfo” qəzeti çıxırdı SSRİ təzə dağılan illərdən sonra. İntim-seksual mövzuda yazılar vüsət alanda oxucunun biri yazmışdı ki, nəsə ayrı şeylərdən yazın, “onu” biz özümüz də bilirik.

Fransada oturub, Şarl de Qollun “Milli Müqavimət Hərəkatı”ndan anlayışı yoxdu!

Almaniyada oturub, Göbbelsin təbliğat konsepsiyasından xəbəri yoxdu!

İtaliyada oturub, Mussolini qüdrətini, İosif Broz Tito nəhəngliyini düşünmür, yol tapmır, tualetə şəkil yapışdırır!

Dünya həm Azərbaycana gülür, həm də dünyadakı azərbaycanlılara!

Etiraf edirəm: məndə o baş yoxdu ki, bu xalqı ayağa qaldıracaq fikri tapım! Ona görə də heç bir iddiam yoxdu – nə hökümətə girməyə, nə də müxalifətə ağıl verməyə. Amma istəyimi çatdırıram. Az ağlımla başa düşürəm ki, İlham Əliyevə və komandasına, Allahşükür Paşazadəyə və çetesinə “kıqq” eləməklə heç nə dəyişməz!

Diktator, tiran, korrupsioner, rüşvətxor, monopolist demək, yazmaq, sübut eləmək heç nəyi dəyişmir, dəyişməyəcək!

Xərçəng xəstəliyini qrip dərmanlarıyla müalicə etmək olmaz!
Bu xalqın başını aldatmayaq ki, kitab oxumaq lazımdı!
Bu xalqın başını aldatmayaq ki, iqtisadi qüdrət hər şeyi həll edir!
Bu xalqın başını aldatmayaq ki, siyasi güclər bizim əleyhimizədi!
Bu xalqın başını aldatmayaq ki, Əfqanıstana, Suriyaya çevrilə bilərik!

Bu xalqın başını aldatmayaq ki, bu ölkədə müxalifət varsa da, yoxsa da elə Əli Kərimlidi, İsa Qəmbərdi, Arif Hacılıdı, Cəmil Həsənlidi, bunlardan başqa kim vətən, müxalifət adından danışsa, kov deyil!
Bunun üçün isə ilk növbədə özümüzü aldatmayaq – biz dahiyik, vətənpərvərik, nə bilim, fədakarıq!

Olsaydıq, ortada olardıq! Ayaqdayıq. Amma həm də…
Guya buracan yazdıqlarımı heç kim bilmir ki?

Hamı bilir. Hətta məndən yüz dəfə artıq və ağıllı şəkildə bilir. Sadəcə, hərənin bir amalı var – siqaret çəkən, araq içən qızlar olsun, əylənsinlər, amma evlənəndə bakirəsi olsun, darıxsınlar, bunlara depressiyadan çıxmağa yeyib-içmək versinlər, gəzməyə pul ayırsınlar, nə dedilərsə, yazdılarsa, bəh-bəhlə “dahi” desinlər, görəndə səcdə etsinlər, tədbirlərinə tökülüşsünlər.

Xalq da eləmir – görməyib axı xalq bunların xalq üçün nəsə etməklərini: etiraz etdikləri ən böyük “sahib” Kəmaləddin Heydərov olub, o da onda ki, dəqiq bilinib Kəmaləddinin nəyi var əlindən almağa başlayıblar.

Məlumat etibarlı mənbədən olub!

İllər uzunu idarəetmədə ən zəif bənd olan “qəhrəmanlarını, ziyalılarını ləkələtdir” prinsipinin üstündə təkərə düşüb, illərdir də söydürürlər, fahişənin birinin adını “mamam” yazır telefonunda, o birisinin təəssübünü çəkir!

Oğrunun birinin adını hallandırır, o birisinin iyli ayaqlarının altını öpür, şəkil çəkdirir, paylaşır!
2008-2018-ci illər ərzində nə mətbuatda, nə ədəbiyyatda, nə siyasətdə, nə də iqtisadiyyatda obraz yaranmadı!

Fərdi istəklər, məhəlli iddialar sərgisi bu hakimiyyəti daha da gücləndirdi! Müxalifəti daha da gözdən saldı!
İlham Əliyevdən özlərinə qarşı amnistiya istəyənlər özləri özlərinə əfv sərəncamına imza atmadılar! Bir araya gələ bilmədilər. Gələndə də böhtan, şər-şəbədə atmaqdan çəkinmədilər! Anlamadılar, anlatmadılar ki, bu ölkənin xilası bizim İlham Əliyevdən və komandasından xilas olmaqda deyil, ilk növbədə, İlham Əliyevi və komandasını əsirlikdən qurtarmaqdadı. Girov düşmüş bu komandanı xilas edəndən sonra bu komandadan xilas olmaq olar!

Heç kim də istəmir ki, bəyan etsin: hakimiyyət dəyişikliyi olarsa, 25 il bu xalqı kölə durumuna salanlar, bu hakimiyyətə dəstək olanlar, bu hakimiyyətə qulluq edənlər – jek müdirindən ən birincisinə qədər cəzalanacaq, ölkədən sürgün olunacaq, dövlət arxivində əsil-nəcabətlərinin adları qeyd olunacaq, girişləri qadağan olunacaq, bu ölkəyə bir daha buraxılmayacaq! Necə iqtisadi azadlıq tətbiq edəcəksən ki, büdcəni talamışların övladları yenidən monopoliya yaradacaq, necə demokratik dəyərləri tətbiq edəcəksən ki, 91 nəfərlə deviriblər bir dəfə, necə… necə… mətbuat formalaşdıracaqsan ki, alternativlərlə dəngəni pozacaqlar!

Həm də hərəsinin nəyisə bunların hərəsinin bir yerinə bağlıdı!
Dünya boyda böyümək lazımdır!
Dünya boyda düşünmək lazımdır!
Təhlükəni anlamaq lazımdır!

Fərqinə varmaq lazımdır – I Pyotrdan başlanan ekspansiya Azərbaycanı tükədib – iqtisadi, coğrafi, milli, mədəni. Lap az qalıb! Bu gediş Azərbaycanın məhvinə aparır! 2 milyon kvadrat kilometrdən nə qədər qalıb ki, ötən zamanda?

Ən azından ona görə ki, şairi, yazıçısı, alimi, müəllimi bəsit düşünür!

Öz xalqını tərifəlayiq görməkdənsə, xalqından tərif umur. “Aydın Canıyev filankəsdən yazdı, filankəsdən yazmadı”. A kişi, Aydın Canıyevi də qəbrə qoyum, nəslini də üstəlik, sən neynirsən axı, Aydın Canıyevin kimdən yazmağını, nəyi dəyişir Aydın Canıyevin yazdığı Azərbaycan oxucusunda? Nə qədər bəsit düşüncədəsiniz? Niyə fikirləşmirsiniz ki, indi mən Koelyo ilə kofe içməliydim, Orxan Pamuk əsərlərim haqqında yazmalıydı, Kissincer gəlib görüşməyi şərəf bilməliydi, Barak Obama mənə təbrik yazıb, Amerikaya dəvət etməliydi, senatorlar, konqresmenlər, lordlar çıxışımdan sitat gətirməliydi, Marşall, Oxfam, Soros fondları vəsait ayırmalıydı elmin, təhsilin, tibbin, ədəbiyyatın, mədəniyyətin inkişafı üçün gərəkli fikirlərim əks olunan əsərlərimə görə!

Bunların ağlına bax: Aydın Canıyev filankəsdən yazdı! Belə lap Aydın Canıyevin də anasını… Bunu demək, buna irad tutmaq hansı işinizə yaradı, hansı hissi yaratdı xalqda, lap elə özünüzdə – yaradıcılığınız çiçəkləndimi, ağlınız artdımı, istedadınız köp verdimi, yoxsa mən yazmaqla uduzdunuz, geri düşdünüz? Nə gündəsiniz, nə təfəkkürd bu?

Əgər millət və xalq, dövlət və ölkə olaraq, özümüz üçün diplomatik və siyasi etiket qaydalarını, milli doktrinanı müəyyən etməmişiksə, tabu və totemlərimiz bəlli deyilsə, dünya və qloballaşma, inteqrasiya və multikulturalizm dəyərlərinin hansının uyğunluğu bəlli deyilsə, qoçu təfəkkürü hakimdirsə, belə davam edəcəksə, deməli, kiçilə-kiçilə gedəcəyik!

Kimdənsə istəmək, kimisə ittihamdan əl çəkməkdən başlayacaq böyüməmiz!

Mübariz İbrahimov heç kimdən ummadı – özü etdi. Nəcməddin Sadıqovun Rusiyanın MN-dəki – buradakı patriarxı, Lavrovun Ali Baş komandanımız missiyası onun qabağını almadı.

Servantes türmədə yazdı!

Nizami Gəncəvinin və Füzulinin qohumları nə sovet hökümətində vardı, nə də indiki AYB-də! Nəsimiylə, Sabiri də Şirvan klanı soxuşdurmadı! Heç kim də onlara pul vermirdi, imza günü keçrmirdi!
Əlqərəz, bu xalqa xilas üçün özünü sevmək lazımdı, bir-birini yox. Bir-birini sevməyin axırı Yerusəlimə aparır!

Özünü sevən xalqın xilas şüarı və istəyi yaranacaq!

Əslində, bu addım 25 il əvvəl atılmalıydı! İndi də gec deyil. İndi atılsa, 25 ildən sonra xilas ola bilərik! Atılmasa, 25 ildən sonra tarix qəhqəhə çəkəcək:bütün dünya əlinin içində olan xalq dövlətiylə birgə silindi!

Nədir o addım?

Döyüşmək! Dünyayla döyüşmək! Hakimiyyəti, ölkəni, xalqı düşmənin cəngindən qurtarmaq üçün döyüşmək!
25 il qabaq bu şans var idi! Əldən verdik – Rusiya yenidən gücləndi!

Kitab oxumağımızı, şeir yazmağımızı, hekayə çap eləməyimizi, roman tirajlamağımızı dünya heç harasına alan deyil! Koelyonu qoyub Yaftıməlinin eşşəklə intim əlaqəsindən bəhs olunan 20 səhifəni oxuyacaqmış Alfred, Adriano, Anri…

Dünya tamaşa edir və kayf tutur: biz necə miskinləşirik, bütün bəşəri dəyərlərdən imtina edib bir süfrənin qırağına və bir çarpayıya necə sığışdırırıq özümüzü! Halbuki, bütün dünyaya yiyələnə bilərik!
Hollivud kinolarındandır. Adı yadımdan çıxıb. Kino həvəskarları xatırlayar.

İkinci dünya müharibəsində ayağını don vuran bir yəhudi əsirlikdən və müharibədən sonra ayaqqabı ustası işləyir. Əvvəl dükan açır, sonra kartel, sonra fabrik. Əməlli-başlı ayaqqabı maqnatına çevrilir. Və günlərin bir günü qızının toyuna hazırlaşır. Ata-bala dərdləşirlər. Qızı istəyir ki, toyunda Frenk Sinatra iştirak eləsin. Əlbəttə ki, ahiman bircə qızının arzusuna etiraz etmir və vəsiyyət kimi əlavə edir:

– Mənim gözəl qızım, sən mənim sərvətimdən istədiyin qədər istifadə edə bilərsən. Hələ ki, sağam. İstədiyin kimi də yaşaya bilərsən. İsətiyrsən on dəfə ərə get, istəyirsən Amerikanı tərk elə. İstəyirsən Aropada yaşa. İstəyirsən barlarda, kazinolarda kef çək. Amma heç vaxt unutma: Amerika sənin vətənin deyil, ümumiyyətlə vətən deyil – bura siyasi məhbusların sığınacığıdır. Sən hər zaman beynində saxla ki, vətən İsraildir və sən bu dövlətə vergi verməlisən, dünyanın harasında olmağından asılı olmayaraq. Sərvətinin on faizi İsrailin olmalıdır. Onda zəhmətimi halal edərəm.

… Biz özümüz sərvətimizdən dövlətimizə pay ayırmaq nədi, hətta uşaqlarımıza dövlətə “paçka” gəlməyi öyrədənlərin zamanında yaşayırıq!

Bu il həm də onunla nifrətə layiqdir ki, artıq vətən, dövlət söhbəti pafos kimi çıxır!

Artıq həm də faciəli olan odur ki, insanlar yaşından və başından asılı olmayaraq ittihama başlayıblar bu xalqı, bu vətəni düşünənləri!

Hansı haqla???

Bu ilin həyasızlığından və haqsızlığından biri də bu oldu!

Və hesab edirəm ki, artıq danışmamaq, yazmamaq ilinə qədəm qoyuruq. Zaman bizdən danışmağı, yazmağı tələb etmir! Çalışacam birinci buna özüm əməl edim, daha yazmayım, daha danışmayım, özümə haqq qazandırmaqda da arqumentim bu:

Mənim YAŞI müxalif mövqeli YAZIMDAN az olanların “neyləmisən e, kimdi səni qozuna alan” miskinliyinə hövsələm yoxdu. Kim nəyə layiqdi, qoy onu yaşasın! Bu il həm də müxalifətçi yazılardan da balaca və kiçik olanların tənələriylə müəlliflərin üz-üzə qaldığı ildir… “hökümət sizi qozuna almır”. Guya bu hökümət qozuna aldıqlarına bir “partiya” şokolad yedizdirib, yaxud da Qənimət Zahid demiş, bir dəfə yeyilmiş noxud verib ki, alın havayı, pivəylə nuş edin, mən umsuq qalmışam

Görürsünüzmü, vəziyyət nə boyda faciəlidir: evdə Şopenə qulaq asır, küçəyə çıxanda səsyazma studiyalarının səsləndirdiyi “yenə içib olmusan piyan, nə gündəsən sən” diringəsinə dingildənirik!

P.S. Bu yaxınlarda arxivimi qaydaya salırdım – səfərim vardı, gələrdim, gəlməzdim, bilmirdim. Odur ki, bir-bir ötənlərdə yazdıqlarımı ötəri də olsa sərf-nəzər elədim. Bir xeyli yazı vardı ki (ikisini-üçünü dostlara oxutdum amma qayıdandan sonra) düşündürdü: bir vaxtlar belə yazılar olan qəzetləri yandırırdılar, indi özümüzü yandırırlar, məhkəməsiz-filansız. İlham Əliyev və komandası 15 il əvvəl çox humanist olmasa da, mətbuat belə tapdanmırdı! Mövzular möhtəşəm, ittihamlar haqlı, iddialar ali, yazarlar möhtərəm idi! Onda mətbuat güc idi! Çox da şey eləmirdilər. Fikirləşirəm ki, o yazıları təzədən çap eləsəm, indi maşınla üstümdən keçərlər, baxmayaraq ki, onda yayımlanıb!
İndi mətbuat yoxdur! – bu ilin üzqaralığı həm də bu!
Müəllimlər də…
Həkimlər də…
İqtisadçılar da…
Alimlər də…
Siyasətçilər də…
… Təsdiqləyər ki, bu il çox qısır il oldu! 
Bu il biz daha çox kiçildik!
Allah rəhmət eləsin… qəhr etdiyimiz bu ilə!

… Sözü adama bir dəfə deyərlər! – belə tərbiyələndirdilər bizi! 
Amma bu hökümət əlaltıları vasitəsiylə eyni şeyi hər gün dedirtməklə sözü urvatdan saldı!

Əvvəl Söz olmuşdu!
Söz böyük silah idi!

Müəllif: Aydın CANIYEV

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: