General-mayor Şəhid Məhəmməd Əsədovun ad günü qeyd edilib
Sumqayıt şəhər General Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında Azərbaycan Respublikasının Daxili İşlər naziri, Şəhid General Mayor Məhəmməd Əsədovun ad günü qeyd olunub. Tədbirdə Gimnaziyanın rəhbərliyi, müəllim kollektivi, şagirdlər, keçmiş polis müstəntiqi Nazim Hüseynov, AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov, AVMVİB Cəbrayıl rayon şöbəsinin sədr müavini İlham Səfərov, Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş əməkdaşları iştirak ediblər.. Öncə şəhid generalın büstü önünə əklil qoyulub sonra şəhidlərin ruhuna sayğı duruşu olub… Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra, söz çıxışçılara verilib.
Çıxış edənlər General Məhəmməd Əsədovun keçdiyi şərəfli yoldan danışaraq öz xatirələrini şagird və müəllimlərlə bölüşüblər.
Şagirdlərin ifasında şerlər və mahnılar səsləndirildi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Xatırlama:
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə işləyib.1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-68-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib.1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır.1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Nazir işlədiyi müddətdə günlərinin çoxunu Qarabağ bölgəsində keçirir. Əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyir.1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. Buna baxmayaraq o yenə günlərini sərhəd zonalarında, əsgərlər arasında keçirir. Azərbaycanın sərhədlərinin bütövlüyü uğrunda mübarizə aparır. Çoxlu qəhrəmanlıqlar göstərir və xalqın gözündə həmişə olduğu kimi yüksəlir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.Məhəmməd Əsədov 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə öz dövlət vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçur və Qarakənd səmasında dəhşətli, yaddaşlardan silinməyən və xalqımızı həmişə ağrıdan o qanlı vertolyot faciəsi baş verir. Vertolyot ermənilər tərəfindən vurulur və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Nəbi oğlu Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olur.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az saytının müxbiri Azad Musayev.