AVMVİB 8 Noyabr — Zəfər Gününü Laçında qeyd edir
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) qəbul edilmiş qərara əsasən 8 Noyabr — Zəfər Gününü Laçında qeyd edir. AVMVİB Rəhbərliyi və fəallarımız artıq Laçındadırlar. Zəfər Gününü əsgərlərimizlə birgə qeyd edəcəklər. Bununla da köhnə döyüşçülər daha bir arzularını reallaşdırmış olacaq. Arzumuz növbəti Zəfər Günümüzü Xankəndidə qeyd etməkdir.
Xatırladaq ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.
Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi Laçından bütün müharibə veteranlarımızı, xalqımızı, ordumuzu və Ali Baş Komandanımızı təbrik edirlər…
Qarabağ Azərbaycandır!
AVMVİB Mətbuat Xidməti