Al-qırmızı Zəfər günü
Həbib Hüseynov
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi
2020-ci ilin 27 sentyabrından, noyabrın 8-nə qədər olan 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan oğulları bir daha sübut etdilər ki, «Torpaq əgər uğrunda ölən varsa, Vətəndir». Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İrəli» əmri ilə Zəfər yürüşünə çıxan qəhrəman Azərbaycan oğullarının qəzəbli nərəsi yeri-göyü lərzəyə salmışdı. Ana yurdun harayına tələsən ərənlərin qisas odu saçan iti baxışları mənfur düşmənin bağrını ox kimi dəlib keçmişdi.
Həmin gün mərd oğullarımız Vətən uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhuna, ürəklərinin üzərində gəzdirdikləri ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağına and içmişdilər. And içmişdilər ki, çıxdıqları bu haqq yoldan öldü var, döndü yox. Son damla qanlarınadək çarpışıb, vuruşub düşməni məhv edəcəklər, müqəddəs bayrağımızı qürurla Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandıracaqlar, Qələbə qazanacaqlar. Və bu uğurda lazım gəlsə, sinələrini düşmən gülləsinə sipər edəcəklər, canlarıyla qoruyacaqlar ana torpağı. 27 sentyabr 2020- ci il tarixdə qəhrəman Azərbaycan oğulları düşmənə qisas hissi ilə yollandılar ön cəbhəyə, işğalçıya həddini bildirməyə. «Dəmir yumruğ»a çevrilib mənfurların başını əzərək addım-addım Vətən torpaqlarımızı azadlığına qovuşduran cəsur igidlərimiz doğma nəfəsləri ilə yaralı yurdlarımıza can verdilər, cəmi 44 günə işğalçılardan qisas aldılar.
O 44 gündə cəbhədən qulaqlarımıza top-tüfəng səsi gəldi, bomba partlayışlarını eşitdik, düşmənin mülki əhalimizə qarşı terrorunun da şahidi olduq. Hər zamankı kimi döyüş meydanında igidlərimizin qarşısından qorxaqcasına qaçan namərd düşmən son çarəni yenə də silahını mülki əhalimizə tuşlamaqda gördü. Amma rəşadətli Azərbaycan əsgəri bu terrorçulara bütün qanlı əməllərinin hesabını ödətdi. İşğalçıların murdar ayağını tarixi torpaqlarımızdan qazıyıb atan ərənlərimiz çox çətinliklərdən keçdilər, minaların üzərindən adlamalı oldular, uca dağlardan, dərin dərələrdən keçdilər, sıldırımlara dırmaşdılar, Zəfər yolu ilə irəliləyib düşməni məhvə məhkum etdilər.
Qürurla qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsinin hər bir günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev ön səngərdən gələn qələbə müjdələrini Azərbaycan xalqına çatdırdı. Qələbə şadyanalığını yaşayan xalqımız üzlərində gülüş, gözlərində sevinc gözyaşları, əllərdə ay-ulduzlu, üçrəngli bayraqlarımız Zəfər sevincini bölüşmək üçün küçələrə, meydanlara axışdı. Döyüş meydanlarında zəfər nəğmələri hayqıran igidlər bütün el-obamıza illərdir həsrətində olduğumuz Qələbə sevincini yaşatdılar. Öz dədə-baba torpaqlarından didərgin salınan yüz minlərlə vətəndaşımızın yurd həsrətini bitirdilər, Vətən torpaqlarımızı bütövləşdirdilər, haqqın nahaqqa qalib gəldiyini bütün dünyaya göstərdilər. Bəli, heç zaman haqsızlıqla, ədalətsizliklə barışmayan Azərbaycan oğulları düşməndən çəkdiyimiz bütün zülmlərin intiqamını alaraq Vətən müharibəsinin hər günündə şanlı tarix yazdılar. Sinələrini Vətənə sipər edərək yurdumuzu yağı tapdağından azad etdilər.
Bizə təqvimimizdəki al-qırmızı Zəfər gününü — Qarabağımızın mirvarisi Şuşanın qürurlu azadlıq gününü bəxş etdilər, hərb salnamələrimizin min illər sonra belə qürurla anılacaq şərəfli tarixini yazdılar. Bu gün də igid əsgərlərimiz dəyanətlə, qətiyyətlə torpaqlarımızın keşiyindədirlər. Vətənimizin müdafiəsi üçün çarpışıb vuruşmağa, lazım gəlsə bu yolda canlarından keçməyə də hər an hazırdırlar.
Vətənpərvər Azərbaycan oğullarının, gücü, qüvvəti, qüdrəti ilə qazanılan bu Qələbə ilə fəxr edirik!
Ulu ruhlu şəhidlərimizin, amalları, qorxmazlığı, şücaəti və uca şəhid adları ilə qürur duyuruq!
Bir ömürboyu şəhidlərimizi sayğıyla anacağıq, minnətdarlıqla yad edəcəyik!