27.07.2024

Müharibə veteranları Zəfər Gününü necə qarşılayacaqlar?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) qarşıdan gələn Zəfər Günü ilə bağlı görüləcək işləri və tədbirləri açıqlayıb.

Bununla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bir sıra açıqlamalar verib.

F. Rzaquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı hərbi əməliyyatlar xalqımızı yeni keyfiyyətlə və statusla tarix səhnəsinə çıxardı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

Bu günün qiymətini və nələrin bahasına əldə olunduğunu ən yaxşı döyüşçülər bilər. Bütün fəaliyyətimiz boyu kökləndiyimiz və gənclərimizi səslədiyimiz Zəfər Günü bizlərin hər birimizin həyatımızın mənasıdır. Bu il də ötən il olduğu kimi şəhər və rayon şöbələri bu gündən etibarən məktəblərdə, hərbi hissələrdə, şəhidlərimizin anılmasında məqsədyönlü tədbirlər keçirəcək və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq bu günü Laçında qeyd edilməsinə çalışacağıq.

Çünki Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi və ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu, məhz 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni işğalından azad olunması Zəfər Tariximizə yeni bir səhifə açdı.

Zəfər Gününü son 200 illik tariximizdə əldə etdiyimiz bir möhtəşəm gün olmasını onu ümumxalq bayramına çevirməklə bildirməliyik. Ona görə də hər bir şəhər və rayon şöbələrimiz bu günlə bağlı öz rayonlarında tədbirlər hazırlayıb keçirməlidirlər. Çünki bu gün ilk öncə şəhidlərimizin və döyüşçülərimizin günüdür!

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: