44 günlük müharibədə tərəflərin neçə itkini var?

44 günlük müharibədə 303 erməni itkin düşüb.
Bu barədə Qırmızı Xaç Komitəsindən bildirlib.
Qırmızı Xaçdan qeyd edilib ki, itkinlərin ailələri ilə işləyir. Təşkilat 12 ailəyə itkin düşən yaxınları barədə məlumat almağa kömək edib.
Xatırladaq ki, Ermənistandan fərqli olaraq Azərbaycanın itkinlər üzrə məlumatı daha dəqiqdir.
Rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu itkin düşmüş hesab olunur.
Əsir və itkin düşmüş, gorov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən 6 hərbçidən 4-ü əsgər, 1-i MAXE, 1-i zabitdir.
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, — deyə Dövlət Komissiyasının məlumatında deyilir.
İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.
2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.
