Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
Mayın 9-dan etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və rayon şöbələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin 99 illiyini geniş surətdə qeyd ediblər. Müxtəlif tədbirlər keçirilib və abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və rayon şöbələri hər il olduğu kimi Ulu Öndərin məzarını ziyarət ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Biz döyüşçülər Ulu Öndərin bu xidmətlərini heç zaman unutmadıq və unutmayacağıq.
Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov qeyd etdi ki, AVMVİB hər il olduğu kimi bu il də Ulu Öndərin ziyarətinə böyük heyətlə gəlib. Torpaqlarımızın işğaldan azad olunmasının da Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Bu missiya da Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildiyini, bugün üçrəngli bayrağımız işağldan azad olunmuş torpaqlarımızda dalğalanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi ilə başlamışdı. Bunu hər kəsdən yaxşı biz döyüşçülər bilirik. Bugün Ümummilli Liderin 99 illiyinə toplaşanlar bu Böyük insanı rəhmətlə anmaq üçün buraya gəliblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Qurban Osmanov da öz fikirlərini bizimlə bölüşdü: «1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Azərbaycanın bu günkü səviyyəyə gəlib çatması və güclü orduya sahib olması onun başlatdığı islahatlar sayəsində mümkün oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Müharibə veteranları ənənəvi olaraq bu il də Ulu Öndərin məzarını ziyarətə gəlilər».
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri olan müharibə veteranları Ulu Öndər Heydər Əliyevin məzarı önündə sayğı duruşunda olmuş və gül qoymuşlar.
Elnur Səlim
Fotolar: Azad Musayevin və Orxan Hüseynovundur