Latviyanın müdafiə naziri Şuşadakı sərgidə
Bu gün Şuşada latviyalı rəssam Daçe Strausanın “Qarabağ atları” adlı sərgisi açılıb.
Modern.az xəbər verir ki, açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib.
“Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir. Burada irimiqyaslı bərpa işlərinə də şahid oldum” – deyə Latviya rəsmisi qeyd edib.
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Bu gün latviyalı rəssam Daçe Strausanın məşhur olan Qarabağ atlarına həsr olunmuş sərgisini bir yerdə açırıq”.
Rəssamın özü də uzun vaxtdır Qarabağ haqqında düşündüyünü, buraya səfər etmək istədiyini deyib:
“Burada olmağıma çox şadam. Qarabağ atlarının möhtəşəmliyini göstərmək üçün onları bundan sonra da çəkəcəyəm. Bu at cinsinin mövcudluğu faktı da göstərir ki, Qarabağ Azərbaycandır!”