08.09.2024

Qarabağda qalan terror qrupları MƏHV EDİLƏCƏK

“Tariximiz boyu – daha əvvəllər də Ermənistanın sülhə yanaşdığının göründüyü ərəfədə daxildə çevrilişə cəhd göstərmə halları çox olub. Ermənistanda müxtəlif siyasi qanadlar olmağına baxmayaraq mövcud vəziyyətdə bu cür təxribatların Rusiya tərəfindən dəstəkləndiyi şübhəsizdir”.

Bunu  açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

Hərbi analitik bildirib ki, Rusiya heç bir şəkildə Azərbaycanla Ermənistan arasında davamlı bir sülhün imzalanmasının tərəfdarı deyil:
“Çünki Rusiya daha çox maraqlıdır ki, burada münaqişə edən tərəflər olsun və bundan istifadə edərək hər iki dövlətin ərazisində müxtəlif bəhanələrlə bir şəkildə öz gücünü qoruya bilsin. Digər bir tərəfdən, Ermənistanın içərisində bir çox siyasi qanadlar var ki, onların da böyük bir qismi Rusiyadan yanadırlar. Ona bağlı müxtəlif təxribatçı, terrorist qruplar da vaxtaşırı olaraq həm Azərbaycan-Ermənistan sərhəddində, həm də Azərbaycanın daxilində, təmizlənməmiş ərazilərdə bir çox terror əməlləri törədirlər. Təbii ki, bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır.

Azərbaycan daima sülhdən yana olub, bunun üçün də öz ərazilərinin təmizlənməsində aktiv olaraq gərəkli fəaliyyətləri həyata keçirir. Baxmayaraq ki, BMT müxtəlif dövrlərdə bir sıra qətnamələr irəli sürüb və bunların heç biri həyata keçirilməyərək kağız üzərində qalıb. Azərbaycan öz gücü və imkanları hesabına gərəkli tədbirləri gördü. Təbii ki, bundan sonrakı dönəmlərdə də ərazilərimizdə qalmış az miqdarda terror qrupları da eyni şəkildə təmizlənəcək.

Bir neçə gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərməsi faktı deməyə əsas verir ki, onların bu məsələdə Rusiya tərəfindən də dəstəkləndiyi şübhəsizdir. Biz dəfələrlə Rusiyanın ikili standartlı davranışlar sərgilədiyinin şahidi olmuşuq. Bu gün Ermənistanla Azərbaycan arasında bir çox istiqamətdə sülhün dəstəklənməsi istiqamətində gərəkli diplomatik addımların atıldığını görürük. Təbii ki, bu da Rusiyanın maraqlarına ziddir. Ona görə də, bu cür təxribatların Rusiya tərəfindən dəstəkləndiyi ehtimalları çox yüksəkdir”.

Mənbə: Milli.Az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: