Putinin “Ölüm Mələyi” yaxalandı: “Bagira” Kiyev ordusunun əlinə keçdi
Rusiya Ukraynada ən elit qüvvələrini itirməkdə davam edir.
JAMAZ.İNFO xəbər verir ki, döyüşlərdə generalından məhrum olan Kreml, bu gün daha bir ağır xəbər alıb.
Belə ki, Rusiya prezidenti Vladimir Putinin “Ölüm Mələyi” olaraq tanınan, indiyə qədər Ukraynada 40 nəfəri öldürən, “Bagira” ləqəbli məşhur snayper İrina Starikova Kiyev ordusunun əsgərləri tərəfindən sağ ələ keçirilib. Ukrayna rəsmi dairələrinin yaydığı məlumata görə, Kiyev vilayətində gedən döyüşlər zamanı yaralanan İrina Starikova öz əsgər yoldaşları tərəfindən döyüş meydanında atılıb. Ona heç bir tibbi yardım edilməyib, ruslar ərazini tərk edərkən snayperi özləri ilə aparmayıblar.
Həmin məlumata görə, İrina Starikova Donetskdəki separatçılarla birlikdə hücum əməliyyatında iştirak edirmiş. Lakin Ukrayna ordusunun əks hücumu zamanı “Bagira” yaralanır, sonra isə yaxalanır. Onun özü istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, döyüş yoldaşları onu ölümə tərk edərək, meydandan qaçıblar.
Onun yaxalanması “King’s College London” Müharibə Araşdırmaları fakultəsinin aparıcı analitiki Georgi Revişvili tərəfindən də təsdiqlənib. Revişvili bildirib ki, məşhur snayperçi 2014-cü ildən etibarən Donetskidəki separatçıların tabeçiliyində xidmət edib. O mülki şəxslər də olmaqla, 40 nəfəri öldürüb. Serb əsilli İrina Starikova 2014-cü ildən bəri Ukrayna hüquq mühafizə orqanları tərəfindən axtarışa verilibmiş.