Füzuli Rzaquliyev: «Allah birliyimizi və həmrəyliyimizi əlimizdən almasın!»
31 dekabr — bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Bu gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımıza təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
— Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.
Azərbaycan 2021-ci ili də tarixi bir il kimi yola salır. Qazanılmış Zəfərin kölgəsində bu yurdu özünə Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Çünki qazanılmış Zəfərin ilk şərtlərindən və başlıca amillərindən biri, məhz milli həmrəyliyimiz oldu.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: «Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır».
Həqiqətən də bizi birləşdirən bir Vətənimiz var. Onun adı Azərbaycandır. Bu Bir Vətən, Bir Bayraq uğrunda minlərlə şəhid verdik. Qazi olduq. Bu Vətənə uzanan əlləri kəsməyə hər birimiz hazır olmalıyıq. Bunu 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz dünyaya nümayiş etdirdi. Cəsur Azərbaycan əsgəri mümkünsüz olanı reallığa çevirdi. Milli qürurumuzu və müqəddəs sərhədlərimizi bərpa etdi.
Bu il biz döyüşçülər üçün bayram deyil, daha çox müqəddəs şəhidlərimizin anılması günüdür. Bu gün, Lider-Ordu-Xalq həmrəyliyinin təntənəsi günüdür.
31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: «Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü» kimi elan edilmişdir».
Artıq bu günün, məhz həmrəylik günü kimi qeyd edilməsi uca xalqımız üçün ənənəyə çevrilmişdir. Vətənimiz naminə, xalqımızın gələcəyi naminə bir olmağa, həmrəy olmağa çalışmalıyıq. Ali Baş Komandanın rəhbərliyi altında cəbhədə növbə tutmuş əsgər və zabitlərimizi, şəhid ailələrini, veteranlarımızı, xalqımızı Həmrəylik günü münasibətiylə təbrik edirəm.
Allah birliyimizi və həmrəyliyimizi əlimizdən almasın!