Bunlara «DUR!» deyən tapılacaqmı?! Sumqayıtda şəhidlərə qarşı rəzalət: «Söhbətiniz şirin olsun!»
Ölkədə demarşa başlayan 5-ci kolon öz «qisas əməliyyatı»nın miqyasını günbəgün genişləndirməkdədir.
Artıq bu «cidanı çuvalda» gizləmək mümkün deyil. Qaziləri intihara sürükləyən sosial siyasət, məmurların biganəliyi, döyüşçülər haqqında yanlış informasiyaların məqsədli şəkildə tirajlanması, müharibə əlillərinin əlillik dərəcələrinə «əl gəzdirilməsi», şəhid məzarlarına müdaxilələr, geri dönmüş döyüşçülərin statusunun ləngidilməsi və daha nələrin baş verdiyini detallarıyla dəfələrlə anlatmışıq.
Bu dəfə isə Dövlət Reklam Agentliyi Sumqayıt şəhərində Şəhidlər Xiybanının girişinə böyük bir Narmobileyə aid reklam plakatı yerləşdirib: «SÖHBƏTİNİZ ŞİRİN OLSUN!»
Sumqayıt şəhərində «söhbəti şirin eləməyə» yermi tapılmadı?
Müharibə veteranları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimova müraciət edərək öz etirazlarını bildiriblər.
Bizimlə söhbətdə Zəkəriyya Rəhimov bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti hamımızın and yeri olan müqəddəs Şəhidlər Xiyabanında təqdir olunası yenidənqurma və bərpa işləri aparıb. Səliqə — səhman yaradılıb. Bunu hər bir ziyarətçi məmnunluqla qeyd edir. Lakin bu Reklam Agentliyinin Şəhidlər Xiyabanının girişində reklam şiti quraşdırması və hətta reklamın mətninin belə təxribat xarakterli olmasını necə yozmaq olar? Bu işi görənlərin milli kimliyi araşdırılmalı və layiqli cəzası verilməlidir. Sanki bu ölkədə biriləri bütün pozuculuq əməllərini işə salıblar. Bu cür hərəkətlərə görə cəzasızlıq şəraitinin olması belələrinin əl-qolunu açmağa xidmət edir.
Ərazidən çəkilmiş fotoları təqdim edir və ümid edirik ki, bu reklam şiti dərhal oradan götürülərək başqa bir yerə köçürüləcəkdir. Şəhidlər Xiyabanı reklam quraşdırılması məkanı deyil…
Mövzunu diqqətdə saxlayacağıq.
Nurlan Məmmədli