İran erməni əsilli Yunus Səfərovu İmam Hüseyn aşiqi kimi necə sırıdı? — İlk dəfə ÜZƏ ÇIXAN FAKTLAR
Əhli-Beyti siyasi maraqlarının alətinə çevirən İranın “Azərbaycana fətva, Ermənistana əməli dəstək” siyasəti sirr deyil: I Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah” formasında həyata keçirilən bu siyasət II Qarabağ müharibəsində də dəyişmədi, bu dəfə saqqızı fətva əvəzlədi.
İran 30 illik işğal dövründə Qarabağda mövcud status-kvonun – işğalın davam etməsi – dəyişməsini istəmirdi, dəyişən kimi də Azərbaycana hücumlarını açıq müstəviyə keçirdi. Özünü şiə məzhəbinin mərkəzi elan edən İranın əhalisinin əksəriyyətinin bu məzhəbə məxsus olduğu Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi bu ölkənin Əhli-Beyti də, 12 imamı da, Məhəmməd Peyğəmbərin (s) əziz ailəsini də öz maraqlarının alətinə çevirdiyinin bariz nümunəsidir.
Ermənistanın sərhədləri bizim “qırmızı xəttimizdir” deyən də İrandır, Azərbaycan torpaqlarının işğalına dəstək verən, o torpaqlarda İslam mədəniyyətinin dağıdılmasında birbaşa iştirak edən də.
Lakin hər şey bununla yekunlaşmır, ən dəhşətlisi İranın erməni terrorunu Əhli-Beyt adı altında pərdələməsi, İmam Hüseyn eşqini terror olaraq istifadə etməsi, erməni terrorçunu Azərbaycanın inanclı kəsiminə “Hüseynin əsgəri” kimi sırımasıdır.
Gəncədə “Hüseyn aşiqiyəm” adı ilə terror törədən Yunus Səfərov əslində yarı ermənidir.
Əldə etdiyimiz yeni məlumatlar Gəncə terroruna yenidən qayıtmağı, din adı altında törədilən bu terrorun pərdəarxasına yenidən baxmağı zəruri edir.
Gəncədə törədilən terrorun İran və Ermənistanın birgə layisi olduğu fikri erməni xüsusi xidmət orqanlarına bağlı OTV-nin rəhbəri Zabil Məhərrəmovun (Madoj) sosial şəbəkə hesabında terror aktından sonra Yunus Səfərovun Suriya döyüşlərində iştirakını əks etdirən videogörüntüləri yayaraq, “Mənim əsərimin qəhrəmanı” yazması zamanı önə çıxdı.
Ortaq maraqlar və birləşdirici məqamlar kifayət qədər idi.
Rusiya vətəndaşı olan Yunus Səfərov İranın radikal dini dairələrinə bağlı “Hüseyniyyun” (Hüseynçilər) qruplaşmasının döyüşçüsü olub. Bunu terror aktından sonra Səfərovu “qəhrəmanlıq dastanı” kimi təqdim edən “Hüseyniyyun” qruplaşması etiraf etdi. Bu qruplaşmaya məxsus “nur-az.com” saytı və eyni adlı Facebook səhifəsi Səfərovun bir nömrəli təbliğatçısı idi.
“Hüseyniyyun” qruplaşması keçmiş Azərbaycan vətəndaşı Tohid İbrahimbəyli tərəfindən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində Qum və Məşhəd şəhərlərində dini təhsil alan azərbaycanlı tələbələrdən yaradıb. Bu şəxs Nardaran hadisələri və Tale Bağırzadə ilə bağlı Azərbaycana qarşı ekstremist çağırışlar edib, eyni fəaliyyət bu gün də davam edir. Rusiya vətəndaşı olan Yunis Səfərov da “Hüseyniçilər”in azərbaycanlı üzvlərindən biridir. Suriyada İranın dini dairələrinə bağlı qruplaşmanın tərkibində Palmira uğrunda döyüşlərdə aktiv iştirak edib.
Səfərov planı İranın — “Hüseyniyyun” qruplaşmasının Nardaran və Tale Bağırzadə planı baş tutmayandan sonra dövriyyəyə buraxıldı. Və Gəncə teraktının geosiyasi tərəfləri planın İran və Ermənistanın birgə layihəsi olduğunu göstərirdi: Azərbaycanın enerji layihələri üçün strateji əhəmiyyətə malik olan “Gəncə keçidi”ndə sabotaj yaratmaq; Cənub Qaz Dəhlizinin önündə əngəllər ortaya çıxarmaq, Azərbaycan daxilində vətəndaş qarşıdurmasını təşkil etmək və s;
Həmin vaxt Cənub Qaz Dəhlizi layihəsində işlər sürətlə həyata keçirilir və 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılırdı. Bunun reallaşması Azərbaycan torpaqlarını işğal edən Ermənistanın işğal siyasətinə uyğun deyildi, o cümlədən, İranın bölgədəki maraqları da bu layihəyə qarşı idi.
Gəncə terroru ilə Ermənistan enerji layihələrini sabotaj etməyi, İran da həm bölgədəki maraqlarını qorumağı, həm də “Müsəlman Hərəkatı” birliyi üzərindən həyata keçirmək istədiyi “şəriət rejimi” planlarında irəliyə doğru addım atmağı planlaşdırırdı.
İran və Ermənistanın bu terror aktında birgə hərəkətini ortaq maraqları ilə yanaşı, Zabil Məhərrəmovun timsalında separatçı xainlərin fəaliyyəti də təsdiq edirdi.
Bu detal Azərbaycanda terror hücumunun Tehran və İrəvanın birgə planı olduğunu söyləməyə yetərlidir, lakin Yunus Səfərovun gerçək kimliyi ilə bağlı yeni məlumatlar ciddi sübutları ortaya çıxardı.
İranın “Hüseynin əsgəri”, Əhli-Beyt aşiqi kimi sırıdığı Yunus Səfərov kimdir?
Y.Səfərovun ata babası Səfərov Yunus Əli oğlu erməni millətindən olan Svetlana Aqopovna ilə ailə qurub. Svetlana Aqopovnanın hər iki valideyni ermənidir.
Bu nikahdan Rafiq (Y.Səfərovun atası), Ramiz (əmisi) və Tamara (bibisi) doğulub. 18 yaşına — həddi-buluğa çatanda Rafiq və Ramizin milliyyətini “azərbaycanlı” göstəriblər, Tamara isə “erməni” millətini seçib.
Y.Səfərovun bibisi Tamaranın ailə qurduğu şəxs də ermənidir: Karapetyan Artur Surenoviç. Bibisi qızı isə Karapetyan Albina Arturovnadır.
Bu fakt bir daha sübut edir ki:
— İran Əhli-Beyt məktəbinin mərkəzi olmağa layiq ölkə deyil;
— İran Peyğəmbər ailəsinin əziz xatirəsini terror fəaliyyətinin alətinə çevirib;
— İran İmam Hüseyn eşqini erməni terrorunun istifadəsinə verəcək qədər anti-şiə, anti-İslam siyasətinə xidmət edir;
— Və İran üçün Azərbaycan şiələrini qanına qəltan eləyən Ermənistan 1 nömrəli müttəfiq, dost və qardaş ölkədir;
Bu, yarı erməni olan Yunus Səfərov, bu da erməni terrorçunu İmam Hüseyn aşiqi kimi sırıyan İran. Əlavə şərhə ehtiyac yoxdur…
Asif Nərimanlı