22.11.2024

Müdafiə Nazirliyi «internat döyüşçüsü”nün medal almamasına münasibət bildirdi

Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh etdi: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!”

Bu barədə Axar.az-a danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir:

“Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü getmişdim. Cəbrayıl, Hadrut, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən bütün döyüşlərdə sona kimi iştirak etmişəm. Artıq mənim böyük bir ailəm var. Medal almaqdan daha gözəl xalqımın, millətimin sevgisini qazanmaq oldu. Bu mənə bəsdir. Ən əsası torpaqlarımızın işğaldan azad olunması idi. Bu, mənim üçün daha böyük fəxr və qürur hissidir”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, əgər E.Əhmədovun adına medalla bağlı raport yazılıbsa, bu, araşdırılacaq:

“Vətən müharibəsi iştirakçılarına medal verilməsi hələ davam edəcək. Müharibənin bitməsindən az vaxt keçib. Müharibə iştirakçılarının hər biri araşdırılacaq, qəhrəmanlıq göstərən hər bir kəs lazımi qaydada mükafatlandırılacaq”.

Qeyd edək ki, Vətən müharibəsində Elçin Əhmədovun Hadrutda divara yazdığı “Maştağa 1 nömrəli internat” sözləri sosial şəbəkələrdə gündəm olmuşdu.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: