24.11.2024

Hərbi Prokurorluğunda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilər ilə görüş keçirilib

Hərbi prokuror Xanlar Vəliyev: «Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə əlilləri və şəhid ailələri ilə mütəmadi görüşmələri, onların qayğı və problemlərini həll etmələri, dövlət səviyyəsində verilən yüksək dəyərin təzahürüdür».

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilər ilə görüş keçirilmişdir.

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi.

Hərbi prokuror qeyd etdi ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir.

Hərbi prokuror Xanlar Vəliyev: «Ölkəmizin qüdrətlənməsində və qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.»

Hərbi prokuror Xanlar Vəliyev həmçinin bildirdi ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilmiş, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılmış, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və

nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin etmişdir. Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladı. Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

Hərbi prokuror Xanlar Vəliyev: «Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vətən oğulları damlası düşmənin vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazdılar.»

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin qeyd etdi ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olmuşdur.

Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğuladı ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək qeyd etdi ki, cənab Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyyatda olan polkovnik Abdulla Qurbani Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs etdi. Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə öz dərin minnətdarlığını bildirdi.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edildi, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparıldı və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlandı.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: