18.12.2024

Müdafiə Nazirliyinin rəsmi saytı AVMVİB ilə görüşdən yazdı: «Veteranlarla görüş keçirilib»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) qərargahında Müdafiə Nazirliyinin nümayəndələri ilə veteranların görüşü keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev AVMVİB haqqında və birlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Şəxsi Heyət Baş İdarəsi rəsinin müavini — İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşıb, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi diqqət göstərilməsi onun tərəfindən bütün dövlət strukturlarının qarşısına birbaşa vəzifə kimi qoyulub. “Ölkə rəhbərliyi tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı artırılır, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Bu gün hər kəsə bəllidir ki, ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Lakin şəxsi heyətin mənəvi-psixoloji ruhu yüksək olmasa, heç bir zəfərdən danışmaq olmaz. Əsgəri xidmət keçən hər bir şəxs vətənpərvər, dövlətinə, millətinə bağlı olmalı, ürəyi Vətən sevgisi ilə döyünməlidir. Bu istiqamətdə əməkdaşlığımızı daha da möhkəmləndirməliyik. Müdafiə Nazirliyi bu işdə dəstəyini heç zaman əsirgəmir, hərbi hissələrdə sizinlə birgə görüşlərin, mədəni-kütləvi tədbirlərin keçirilməsini daim müsbət qarşılayır», — deyə general-mayor Rasim Əliyev bildirib.

Tədbirdə çıxış edənlər şəhid ailələrinə, əlillərə, veteranlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirdilər. Onlar qeyd ediblər ki, xalqımızın, o cümlədən müharibə veteranlarının bir amalı və arzusu Qarabağın işğaldan azad edilməsidir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: