22.11.2024

Rus həyasızlığı davam edir: Rusiya alban məbədini erməni monastırı adlandırdı

«Rus sülhməramlıları sərhəd xəttindəki Amaras monastırını ziyarət edən 117 erməni zəvvarın təhlükəsizliyini təmin etdi».

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı yaydığı məlumatda deyilir.

«Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək etməyə davam edirlər.

Beləliklə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 100-dən çox zəvvardan ibarət bir qrupun Amaras xristian monastırına ziyarətinin təhlükəsizliyini təmin etdilər. Bu adamlar buraya Stepanakert (Xankəndi — red.) şəhərindən və monastıra bitişik yaşayış məntəqələrindən gəliblər.

Amaras, erkən orta əsr xristian monastırlarından biridir və Martuni (Xocavənd — red.) bölgəsində yerləşir. Orta əsr Ermənistanda məşhur bir dini və mədəniyyət mərkəzi statusuna sahib idi.

Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi zəvvarların Dağlıq Qarabağdakı dini yerlərə müşayiəti və qorunmasını həyata keçirir. Belə yerlərdən biri Amaras monastırıdır», — deyə Humanitar Reaksiya Mərkəzinin nümayəndəsi Aleksandr Korolev bildirib.

Qeyd edək ki, Azərbaycanın Xocavənd rayonu ərazisindəki Amaras monastrı Qafqaz Albaniyasına məxsus məbəddir.

Mənbə: Eurasia Diary

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: