19.04.2024

Amerika erməni lobbisi: Azərbaycana 120 milyon dollarlıq hərbi yardım dayandırılsın

Amerika erməni lobbisi: İlham Əliyevə 120 milyon dollarlıq hərbi yardım dayandırılsın, Azərbaycan Ermənistandan Stepanakertə uçuşlara icazə verilsin

Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparian yenidən səs-küy salıb. Amerikanın siyasi elitasında erməni lobbisinə işləyən konqresmen və senatorlara üz tutub. Sözünün canı odur ki, ABŞ Azərbaycana son illərdə (3 ildir) 120 milyon dollar həcmində hərbi yardım göstərib. Təpədən-dırnağa kimi silahlanmış Azərbaycan Amerikanın yardımı ilə Ermənistana və Artsağa qarşı savaş aparır. Son günlərdə bu savaş daha da şiddətlənib. Ermənistan tərəfi 4 nəfər itirib. Ona görə də ABŞ 2021-ci il üçün Azərbaycana hərbi yardımı kəsməlidir.

ABŞ Nümayəndələr Palatası Pentaqonun təqdimatı əsasında Azərbaycana hərbi yardım məsələsinə yenidən baxa bilər. Aram Hamparian deyir: «Azərbaycan sərhədyanı hücumlarını artır. Edilə biləcək düzəlişlər Konqresə təcavüzkar Əliyevin qarşısını almaq imkanı verə bilər. Bazar ertəsi bu məsələ ilə bağlı səsverməyə olacaq, xahiş edirik — təcili olaraq, dostlarımız və tərəfdarlarımız Sherman və Pallonenin irəli sürdüyü düzəlişləriə səs versinlər».

Demokrat Partiyasından olan Bradley James Sherman konqresmendir. 66 saylı düzəlişin müəllifidir. Bu düzəlişin əsas hədəfi odur ki, ABŞ gələn il Azərbaycana 120 milyon dollarlıq hərbi yardım göstərməsin. Frank Joseph Pallone isə Respublikaçılar Partiyasının üzvüdür. O, isə 397 saylı düzəlişin müəllifidir. Bu düzəlişdə isə söhbət ondan gedir ki, Ermənistandan Stepanakertə mülki təyyarələr uça bilmir. Çünki prezident İlham Əliyev hədələyir ki, istənilən mülki təyyarə dərhal vurulacaq. Amerika Erməniləri Milli Komitəsi istəyir ki, ABŞ onlar üçün problem olan bu məsələnin həllində də ermənilərə dəstək versinlər.

Təbii ki, Sherman və Pallonendən də başqa xeyli konqresmen, senator bu işə cəlb olunub. Erməni lobbisinin əlaltısı olan amerikalı siyasətçilərin sözü keçəcəkmi? İnanamıram. Amerika 3 il 120 milyon dollar verdiyi ölkəyə erməni lobbisinin qulluğunda olan siyasətçilərə görə birdən-birə hərbi yardımı kəsə bilməz. Bu, ABŞ-ın milli və hərbi maraqlarına ziddir.
Qeyd edək ki, Terrance John Cox, Jackie Speier, Adam Schiff kimi Amerika siyasətçiləri də sözügedən düzəlişlərə dəstək verirlər.(Baxar.az)

Elbəyi Həsənli, Sürix

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: