19.04.2024

“Azərbaycan Ermənistanın hərbi və mülki infrastrukturuna uzunməsafəli hədəf zərbələri vura bilər…”

Doğrudan da düşmənin zəif və panika içərisində olmasından yararlanmaq mümkündür…

ATƏT-in Minsk Qrupunun koronavirus səbəbiylə təmas xəttində  monitorinqi dayandırdığı, eləcə də Rusiyanın da, ABŞ-ın da, Avropanın da, o cümlədən ermənilərə daha çox dəstək verən Fransanın da başının öz ölkələrini pandemiyanın ağır nəticələrindən qorumağa qarışdığı və ən başlıcası, Azərbaycandan fərqli olaraq onsuz da iqtisadi böhran şəraitində olan işğalçı ölkənin səhiyyə sisteminin aciz bir duruma düşdüyü bir vaxtda  Ermənistanın siyasi dairələri rəsmi Bakının torpaqlarının işğaldan azad edilməsi isriqamətində gözlənilməz addımlar atacağından ehtiyatlanır. 


Moderator.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Xarici İşlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyanın işğalçı ölkənin “Birinci informasiya” kanalına müsahibəsində söylədikləri də sübut edir.
“İndiki böhran şəraitində düşmənin fəallaşacağını gözləmək olarmı; hansı təhlükələr mümkündür?”  sualına cavabında erməni diplomat belə deyib:
“Qlobal geosiyasi prosesin hazırkı inkişafı ilə paralel olaraq bölgədə düşmənin hərbi fəallaşma ehtimalı artmaqda davam edir. Anladığım qədər, Bakı elə hərbi əməliyyatlara diqqəti yönəltməyə çalışacaq ki, bunun sayəsində öz insan resurslarını təhlükə altına almadan, erməni ordusuna daha çox zərər vurmaq və müdafiə qabiliyyətimizi tamamilə pozmaq məqsədi ilə Ermənistan silahlı qüvvələrinin, hərbi və mülki infrastruktur mövqelərinə uzunməsafəli hədəf hücumları həyata keçirsin. Çox güman ki, yalnız bu taktikanın uğurlu alınacağı  halda Azərbaycan tərəfi öz ordu hissələrini irəli çəkməyə cəhd edəcək. Bizdə isə ekvivalent əks plan  olmalıdır  və arzu ediləndir ki, bu, düşməni avantürist addımlar atmaqdan imtina etməyə məcbur etsin…”


P.S. Mövcud durumda əgər doğrudan da Azərbaycanın  koronavirus pandemiyasından müdafiə qüdrəti, eyni zamanda on illərdir deyildiyi kimi, iqtisadiyyatı və ordusu Ermənistanınkından qat-qat güclüdürsə,  kiçikmiqyaslı itkiləri  nəzərə almadan düşmənə gözlənilməz zərbə vurmaq və Qarabağın azadlığı istiqamətində həlledici addım atmaq bəlkə də mümkündür… Təbii ki, super güc və dövlətlərin bu addıma mənfi reaksiyalarını siyasi-diplomatik yollarla önləmək və bunların nəticələrini nəzərə almaqla…

P.P.S. Ermənilərin zəif və panika içərisində olmasından yararlanmaq mümkündür, necə ki, onlar 1992-1993-cü illərdə bizə qarşı belə etdi…


Sultan Laçın

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: