29.03.2024

Xocavənddə azərbaycanlı hərbçilərin“ayaqları bağlanmış vəziyyətdə skeletləri tapılıb»

Azərbaycan Səhiyyə Nazirliyi Xocavənddə kütləvi məzarlıq tapıldığını bildirir. Güman edilir ki, burda I Qarabağ müharibəsi zamanı həlak olan azərbaycanlı hərbçilər basdırılıb. Bu məlumat Azərbaycan və Ermənistanın bir-birini müharibə cinayətində günahlandırdığı bir vaxta təsadüf edir.

Çərşənbə axşamı günü Azərbaycanın Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində 3 sahənin aşkar olunduğunu deyib.

«Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlandı. Çoxunun ayaqları məftil və kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək», — Nuranə Hüseynova «Azərtac»a bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin erməni əsirləri güllələdiyi iddia edilən görüntülərə istinad edərək bəyan edib ki, «Azərbaycana Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlərə beynəlxalq məhkəmələr tərəfindən aydın qiymət verilməli, cinayətkarlar isə məsuliyyətə cəlb olunmalıdır».

Azərbaycan Hərbi Prokurorluğu yayılan video görüntülərlə bağlı araşdırmaya başladığını bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter hesabında ona hər iki ölkədən «müharibə cinayətlərini əks etdirən videoların daxil olduğunu» bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə rəsmi Yerevanın iddialarını «əsassız» adlandırıb və Ermənistan hökumətinin bəyanatını «beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdi» kimi qiymətləndirib.

Bu görüntülərin yayıldığı ərəfədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşərək iki ölkə arasında sülh müqaviləsinin mətninin tərtib edilməsinə hazırlığı müzakirə ediblər.

«Əsirlərin» güllələnməsi videosu

Sosial şəbəkələrdə yayılan video görüntülərdə bir dəstə hərbçi yerdə oturdulduğu anlaşılan hərbçilərə qarşı atəş açır. Bir şəxs Azərbaycan dilində «vurma, saxla, atəşi kəs» deyir. Amma bu əmrə baxmayaraq, atəş davam edir.

Ermənistan bu kadrlara istinad edərək Azərbaycanı hərbi cinayətdə günahlandırıb və ölkə rəsmiləri buna hüquqi qiymət verilməsi üçün beynəlxalq qurumlara müraciət ediblər.

əsir

«Sosial şəbəkələrdə daha bir dəhşətli video yayılıb: Azərbaycan əsgərləri Ermənistanın suveren ərazisində erməni hərbi əsirlər qrupunu güllələyir. Beynəlxalq ictimaiyyət bu hərbi cinayəti qətiyyətlə pisləməli və Azərbaycanın təcavüzünü dayandırmaq üçün müvafiq tədbirlər görməlidir», — Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan araşdırma aparmaq və məsuliyyətə cəlb etmək üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadə edəcək.

«Azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl olaraq sosial şəbəkələrdə yayılan bir sıra videolar Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri — erməni hərbi əsirlərin məhkəməsiz şəkildə qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, cəsədlərin təhqir olunmasından xəbər verir», — oktyabrın 2-də Ermənistanın Xarici İşlər Nazirliyi bildirib.

Ermənistan Müdafiə Nazirliyi yayılmış videoların həqiqiliyini təsdiqlədiyini, Azərbaycan isə videoların həqiqiliyini yoxlamaq üçün araşdırma aparıldığını deyir.

Ermənistan hadisənin 2022-ci il sentyabrın 13-14-də baş verdiyini bildirir.

Bakı ilə Yerevan arasında bu cür videolarla bağlı mübahisələr əvvəl də olub. Azərbaycan adətən belə görüntülərin səhnələşdirildiyini deyərək, iddiaları rədd edir. Bu dəfə Azərbaycanın 1News informasiya portalı videonun saxta olduğunu deyən I Qarabağ müharibəsi iştirakçısı, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, ehtiyatda olan polkovnik, Akif Qasımovun təhlilini yayıb.

Cənab Qasımov xüsusilə hərbçilərin «təptəzə» geyiminə, «Atəş açmayın!» əmrindən sonra atəşin açılmasına diqqət yetirir ki, ekspertin fikrincə, Azərbaycan ordusunda nizam-intizama görə bu, mümkün sayılmır.

Sabiq hərbçi həmçinin avtomatlardan birinin lüləsində «boş mərmilər» atmaq üçün qurğunun olduğunu qeyd edir: «Yəni ehtimal odur ki, istifadə edilən patronlar təlim məqsədli və filmlər üçün nəzərdə tutulmuşdur».

Azərbaycanın Xarici İşlər Nazirliyi 17 sentyabr tarixindən sonra sərhəd döyüşlərinə aid edildiyi bildirilən və sosial şəbəkələrdə yayılan bütün videolarla bağlı «Ermənistandan fərqli olaraq, müvafiq orqanlar tərəfindən araşdırmaların aparıldığını» bildirib.

«Belə ki, 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib», — nazirliyin açıqlamasında qeyd olunub

Azərbaycan Ermənistanın öz beynəlxalq öhdəliklərinə əməl etməsini və «çoxsaylı hərbi cinayətlərə görə» məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edib. Bu barədə bazar günü Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Aİ-nın rəsmisinə hər iki tərəf video görüntülər təqdim edib

Bazar günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar «göründüyü kimi erməni əsirlərinin edam» edildiyi barədə «daha bir dəhşətli videonun» yayıldığını bildirib.

Toivo Klaar yazıb ki, videonun həqiqiliyi təsdiqlənərsə, «bu, araşdırılmalı və günahkarları cəzalandırılmalı olan hərbi cinayətdir».

Sonuncu tvitində isə Toivo Klaar ona Azərbaycan tərəfindən də bəzi videoların təqdim edildiyini bildirib və əlavə edib ki, ona göndərilən görüntülərdə «azərbaycanlılara qarşı törədilən müharibə cinayətləri də araşdırılmalı və bu əməli törədənlər cinayət məsuliyyətinə» cəlb olunmalıdır.

«Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və bunun üçün məsuliyyətə ehtiyac var», — Toivo Klaar yazıb.

Cenevrədə görüş

Bu görüntülərin yayıldığı bir vaxtda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan rəsmi Bakı və Yerevan arasında ziddiyyətləri müzakirə etmək məqsədi ilə dekabrın 2-də Cenevrədə görüşüb, bu barədə iki ölkə XİN-i məlumat yayıb.

Sentyabrın 12-14-də iki ölkə sərhədində 200-dən çox hərbçinin ölümünə səbəb olmuş toqquşmalardan sonra ilk dəfə Azərbaycan və Ermənistan rəsmiləri vasitəçisiz görüşüblər. Bundan əvvəl hər iki ölkə rəsmisi ABŞ rəsmiləri vasitəsi ilə bir araya gəlmişdi.

Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin məlumatına görə, Ceyhun Bayramov və Ararat Mirzoyan iki ölkə arasında sülh sazişi, silahlı qüvvələrin ölkə ərazilərindən çıxarılması, hərbi və mülki əsirlər, eləcə də kommunikasiya xətləri barədə fikir mübadiləsi aparıblar.

Cenevrə nazir

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, görüş iki ölkə arasında sülh müqaviləsinin mətninin tərtib edilməsinə hazırlıq məqsədi ilə keçirilib.

Qurumun yaydığı bəyanata əsasən, nazir Ceyhun Bayramov 2020-ci ildə imzalanan üçtərəfli bəyanat çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, eləcə də delimitasiya üzrə işlərin sürətləndirilməsinin vacibliyini erməni həmkarının diqqətinə çatdırıb.

«Humanitar məsələlərə toxunan nazir, o cümlədən 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb», — Azərbaycan XİN-nin bəyanatında qeyd olunub.

Bundan əlavə, rəsmi Bakı Yerevana delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi bu ilin noyabr ayında deyil, oktyabrda keçirilməsini təklif edib, nazirliyin açıqlamasında deyilir.

Ermənistan Xarici İşlər Nazirliyinin Cenevrədə baş tutan görüşlə bağlı yaydığı məlumatda isə rəsmilər arasında «Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin təmin olunması qarantiyalarına dair fikir mübadiləsi aparıldığı» bildirilib.

Rəsmi məlumatlara görə, görüş çərçivəsində Ararat Mirzoyan «Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmalı olduğunu» deyib, Ceyhun Bayramov isə «Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının vacibliyini» vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında görüş zamanı sərhəddə beynəlxalq nəzarət mexanizmlərinin tətbiq edilməsi məsələsinin də müzakirə edildiyini diqqətə çatdırılıb.

Bundan əvvəl nazirlər ABŞ-da dövlət katibi Antony Blinke-nin vasitəçiliyi ilə görüşmüşdülər.

Mənbə: BBC

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: