Bu gün bizim günümüz: Ordu Günü!

Azərbaycan Ordusunun 101 yaşı tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə — Əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.

Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı Qüvvələr günü elan edilmişdir və hər il Azərbaycan xalqı bu günü bayram edir.

Bu gün İkinci Respublikanın ordu quruculuğunda yaxından iştirak etmiş zabitlərimizdən olan Füzuli Rzaquliyev bu gün 64 minlik veteranlar ordusunun lideridir. Bu tarixi günlər barədə onun fikirlərini sorduq.

BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜ

AVMVİB sədri Füzuli Rzaquliyev bizimlə söhbət zamanı dedi: «Vətənin dar gününün sahibi ordudur. Biz ordu quruculuğunda ləngiməsəydik və orduya dəxli olmayan şəxsləri ortaya çıxmağa qoymasaydıq, bu gün itkilərimiz daha az olardı. Bütün bunlara rəğmən biz yoxdan var olan bir orduyla 5 imperiya ilə savaşdıq. Bütün daxili və xarici şərtlər əleyhimizə olduöu bir zamanda düşmənin Kürədək planlaşdırılmış mənfur planını pozmağı bacardıq. Bu yolda şəhid olmuş qardaşlarımıza Tanrıdan rəhmət diləyir, hər bir döyüşçünü, ordumuzun ısgər və zabit heyətini təbrik edirəm. Ordu qurmağı bacarmış Azərbaycan xalqını təbrik edirəm.

Ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məlumdur ki, müasir dövrümüzdə orduya qayğı xüsusilə artır və ildən-ilə diqqət gücləndirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, zabitlərin mənzil şəraiti yaxşılaşdırılır, rütbəyə görə müavinətlər hər il artırılır. Azərbaycan zabitləri yüksək təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir.

Ali Baş Komandan İlham Əliyev regionlara səfərləri zamanı, hərbi hissələrə baş çəkir, əsgərlərin həyat tərzi ilə, mütəmadi olaraq, maraqlanır. Qeyd edək ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Biz veteranlar ordumuzun bu tərəqqisindən daim qürur duyuruq.

Azərbaycan Ordusunun bir özəlliyi ondadır ki, həm 101 il öncə, həm də 1991-ci ildə ordu birliklərimiz od-alovun içində, mənfur düşmənə qarşı mübarizə apararaq yarandı. Bu gün ordumuzun Qafqazın ən güclü ordusu olmasının qürurunu yaşayır və hər bir müharibə veteranı qüdrətli ordumuzun qəhrəman döyüşçülərinin zəfər müjdələrini gözləməkdəyik. Bu zəfərə təşnə olan bir xalq var və bu zəfəri təmin etmək ordumuzun əsas vəzifəsidir. Mənfur düşmən son əsgərinədək o torpaqlardan qovulacaqdır. Bu bizim inancımızdır.

Bir daha başda Ali Baş Komandan İlham Əliyev olmaqla əsgər və zabitlərimizi, xalqımızı, xüsusən də müharibə veteranları və şəhid ailələrini, Azərbaycan xalqını təbrik edir və onlara Xankəndində keçiriləcək Qələbə paradının seyrçiləri olacaqları bir gün arzulayıram. Ən böyük Ordu, bizim Ordu!»
Elnur Səlim

BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜ
BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜ
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •