AVMVİB sədri maraqlı məqamlara toxundu
FÜZULİ RZAQULİYEV
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
Son vaxtlar cəmiyyəti narahat edən əsas problem cəbhədən geri dönmüş əsgərlərimizin ortada qalması, yaralıların müalicəsinə həkim biganəliyi, hərbçilərin əmək haqları ilə bağlı lüzumsuz qərarın vaxtının düz seçilməməsi, veteran adlarının verilməsiylə bağlı komissiyanın tərkibinə etirazların kütləviliyi, hərbi hissələrdə kargüzarlıq işlərinin yarıtmazlığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin geri dönən əsgərlərlə iş aparmaq qabiliyyətlərinin aşağı səviyyədə olması və s. kimi problemlər diqqətdən kənarda buraxıla bilməz. Bu problemi diqqətdən kənarda saxlamaq təhlükəlidir.
Bu və digər məsələlərlə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevlə söhbət etdik.
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 1994-cü ildə cəbhədən dönən döyüşçülərin psixoloji və cəmiyyətə adaptasiya olunmasını, həmçinin o illərdə mövcud olan bəzi şəxslərin siyasi ambisiyalarından kənar tutmağı öz başlıca missiyamız olaraq qəbul etdik və buna qismən nail ola bildik. Veteran camiəsində şəksiz olaraq qətiyyətli bir şəkildə Dövlətimizin və dövlətçiliyimizin yanında olmaq şərtimizi qəbul etdirdik.
Müharibə veteranının ümdə arzusu və gənc nəslə ötürmək istədiyi tək ideya Dövlətimizin müdafiəsi, Qarabağın azad edilməsi və Qarabağ uğrunda ümumxalq mübarizəsinə nail olmaq olub. Bu gün də bu idealımıza sadiqik və ona görə də Ali Baş Komandanımız cənab İlham Əliyevin çağırışına ilk cavab verən, məhz veteranlar olub desək, yanılmarıq. Minlərlə veteranımızın, mən daxil olmaqla, övladı ön cəbhədə döyüşərək şəhid və qazi oldular. Bu gün fəxrlə deyə bilərik ki, respublikada AVMVİB-nin bir rayon şöbəsi qədər cəbhəylə bağlı iş görmüş hər hansı bir ictimai qurumun olması mümkün deyil. Demək olar ki, Mərkəzi Qərargahın bütün könüllüləri cəbhənin müxtəlif istiqamətlərində, elan etdiyimiz «Orduya dəstək» kompaniyası çərçivəsində maddi və mənəvi, bəzən də hərbi fəaliyyətlərini dayandırmadılar. Heç bir şöbəmiz bu proseslərdən kənarda qalmadı. Sədr müavinləri Kamil Şirinov, İslam Səfərov, Vahid Abdurəhmanov, Qurban Osmanov, Abbas Hüseynli (Allah rəhmət eləsin) müxtəlif bölgələrdə oldular. İslam Səfərov 40 gün ordumuzla birgə oldu. Bu gün hər bir veteranımıza və rayon, şəhər şöbə sədrlərinə öz minnətdarlığımı bildirirəm. Onların hər birinin etdiklərindən saatlarla danışmaq olar. Həm ön cəbhədə, həm arxa cəbhədə bizim veteranlar öz sözlərini dedilər. Həqiqətən də müharibə veteranları savaşın ağır günlərində könüllü cəbhəyə yollandıqları kimi, bu dəfə də Vətən uğrunda savaşa hazır olduqlarını nümayiş etdirdilər. Bunu Vətənimizin ərazi bütövlüyünün bərpası üçün etdilər. Onlar şanlı tariximizin əbədi qəhrəmanları olduqlarını bir daha sübut etdilər…
Gənc döyüşçülərin dönüş zamanı Birliyə axın etmələri ilə bağlı sualımızı cavablandıran AVMVİB sədri Füzuli Rzaquliyev dedi: «Bizə bu problem tanışdı. Çünki bu problemi biz özümüz yaşamışıq. Özü də illərlə savaş yolu keçmiş, xəyanətlər, faciələr görmüş köhnə döyüşçülər olaraq onların yaşantılarını daha tez anlayırıq. Həm də bu gənclərin çoxlarının ataları, dayıları və əmiləri bizim üzvlərimiz olan veteranlardır. Ona görə də bizə axın var. Amma bu bizim gücümüz daxilində deyil. Rəsmi olaraq yaradılmış orqanlar isə əsas işləri «köhnə-yeni» veteran bölgüsü aparmaqdan ibarətdir. Bir daha bu düşmənə «maşalıq» edənlərə buradan bildirirəm ki, döyüşçünün təzəsi, köhnəsi olmur. Bu iyrənc bölgünüzə son qoyun. Məsələnin məğzində duran Ali Baş Komandanın sərəncamıyla rayon İcra Hakimiyyətlərində yaradılmış şöbələrlə bağlı olduğunu müəyyən etmişik. Bəzi «bicbalalar» geri dönmüş döyüşçülər arasında ixytisasca hüquqşünas olmadığını bəhanə edib buraya da özlərinin savaş günlərində kolda-kosda gizlənmiş fərari qohum-əqrabalarını yerləşdirmək istəyirlər. Bir faktı deyim ki, AVMVİB -də yüzlərlə hüquq təhsilli ağır döyüş yolu keçmiş hüquqşünaslar var. Prezidentin fərmanında yazılmayıb ki, «təzə, yaxud köhnə» veteran qoyulsun. Bununla bağlı monitorinq keçirməyi planlaşdırırıq və veteran olmayanların konkret siyahılarını və onları işə götürən başçıların siyahılarını Prezidentə çatdıracağıq. Gənclərlə bağlı biz onlara səbrli olmağı və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə inanmalarını tövsiyyə edirik. Hətta onlara dönə-dönə demişəm ki, sizlərə qibtə edirəm. Kaş bizim Komandan da o vaxtlar elə İlham Əliyev olaydı».
Bir nüansı da diqqətinizə çatdırım. Bu gün təkcə «təzə, köhnə» veteran kimi bölməklə deyil, bu sosial təbəqəni şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları kimi də bölməyə çalışırlar. Hər biri eyni savaşın iştirakçılarıdır və illərlə ölkədə müharibə veteranına münasibətdə mövcud olan bir streotipi hələ də sındıra bilməmişik. Hələ də Qəhrəmanımızı, təkcə məzarda sevirik. Veteran şəhidimizin müqəddəs nəşini döyüş meydanından çıxaran döyüşçüdür. Yaralanmış qazimizi döyüş meydanından çıxaran döyüşçüdür. Bayrağımızı azad edilmiş məntəqəyə sancan da Odur. Mən müharibə əliliyəm. Amma illərdir ki, veteran hüquqları uğrunda mübarizənin önündə gedənlərdənəm. Bunun nə demək olduğunu əsil döyüşçülər yaxşı bilir. Veteranlarımız var ki, həm 1991-1994-cü ildə, həm Aprel döyüşündə, hm də bu döyüşlərdə iştirak edib və Uca Yaradanın lütfüylə sağ qalıb. Bunu unutmaqmı olar?
Ağır döyüşlərdən geri dönmüş yaralı və şəhid ailələrinə neqativ münasibətlərin çoxalması ilə bağlı F. Rzaquliyev bir sıra məqamlara toxundu: «Belə məqamların olması təbiidir. Amma elə məqamlar var ki, bu işi görən məmura ad vermək çətindir. Şəhid məzarının üstünü götürməyən başçıya, şəhid yasına gəlməyən başçıya, imknsız qazi ailəsini yad etməyənə nə ad vermək olar? Ölkə prezidenti dönə-dönə göstərişlərini verib. Müvafiq komissiyalar yaradılıb. Amma bu qurumlar demək olar ki, veteran problemi ilə bağlı bir dənə də məsləhətləşmə keçirmir. Öz ailələrində veteran yox, qohumları da yoxdur. Ona görə də onların qəbul etdikləri qərarlar əks effekt yaradır. Həkimlərimizin müharibədə göstərdikləri rəşadəti unutmaq olmaz. Amma bəzi həkimlərin döyüşçülərə qarşı etdikləri əməlləri eşitdikcə, ona nəinki həkim, insan deməyə adamın dili gəlmir. Gərək hamıdan rüşvət alasınız, heç olmasa sizin rahat rüşvət yığmanıza şərait yaratmış döyüşçülərə təmənnasız xidmət edin. Bu fikirlər elə bəzi məmurlara da aiddir. Belələrini ictimai qınaq obyektinə çevirmək lazımdır ki, cəmiyyətimiz belə antipodlardan təmizlənsin.
Sizin saytdan oxudum gərək ki: «Şəhid qanı ilə sulanan bir torpağa xəyanət edə bilmərəm və şəhid olmaq üçün dua etmiş bir qazinin də haqqını ödəyə bilmərəm!» Dediklərimi bu cür anlamaq lazımdır.
Yoxsa qalxıb veteran görəndə, dayılarının düşmənlərini görənlərin uydurmalarına uymaq lazım deyil».
Gənc döyüşçülərə nə tövsiyyə edərdiniz?-sualına cavab olaraq F. Rzaquliyev qeyd etdi ki, onlar səbrli olmalıdırlar. Onlarla görüşdə də bunu tövsiyyə edirəm. Ali Baş Komandanımız bizim arzularımızı çin etdi və Qarabağ fatehi kimi Tarixə düşdü. Bu yolda onun əsgəri olmaq da şərəfli bir işdi. Buna görə inanıram ki, bu problemlərin kompleks həlli üçün, məhz veteranların özlərinin iştirakıyla ciddi müzakirələr aparılmalıdır. Yalnız bundan sonra qəbul ediləcək qərarlar razılıqla qarşılanacaq. Müharibə gedən bir ölkədə müharibə əlilinin müəyyən edilməsiylə bağlı Nazirlər Kabinetinin «Əlilliyin təyin edilməsi» adlı qərarda, nəinki müharibə, heç hərb sözü yoxdur. Bunu kim tərtib edib? Yaxud «Şəhid adlarının əbədiləşdirilməsi haqqında» Qərarda dəyişikliklər edilib və yalnız 2 dəfə Milli Qəhrəman adı alan şəhidin adı əbədiləşdirilə və abidəsi qoyula bilər. Bunu kim edib? Belə bir şəxs varmı ki, 2 dəfə Milli Qəhrəman olsun? Yaxud «Veteranlar haqqında» Respublika Qanununa Qeyd əlavə olunub. O qeydə görə, eyni döyüşdə yaralanan veteran sayılır, amma yaralanmayan isə veteran sayılmır. Burada məqsəd çox təhlükəlidir. Bunu kim edib? Biz hesab edirik ki, hər 3 sifarişi verən və həyata keçirən eyni mərkəzdən idarə olunur. Bunu Nazirlər Kabinetində ediblər. Dəfələrlə demişik. Bu faktlar araşdırılmalıdır və bu Dövlətimizə qarşı, onun müdafiə qabiliyyətini zəiflətməyə yönəlmiş addımlar xarakteri daşıyır.
Gəncləriiz bilməlidir ki, Veteranın əsas qayəsi Vətənimizin müdafiəsi, Dövlətimizin qorunmasıdır. Allah Ordumuzu və Ali Baş Komandanımızı qorusun! Qalan işlər öz yerini tapacaq»...
AVMVİB Mətbuat Xidməti