22.11.2024

AVMVİB sədri savaşdan dönmüş döyüşçülərlə bağlı çox maraqlı məqamlara toxundu

Demək olar ki, hər gün ordudan tərxis olunan əsgərlərimiz bizə müraciətlər edirlər. Demək olar ki, müraciət edənlərin 90 faizi hərbi biletlərtində döyüşlərini əks etdirən qeydlər, təltifdə yol verilən çoxsaylı neqativ hallar və müharibə veteranlığı ilə bağlı olub. Müraciət edənləri, əsasən yeni yaradılmış komissiyaya yönəltsək də müharibə veteranı adının verilməsi və təltifdə yol verilmiş nöqsanlarla bağlı narazılıqlar günbəgün artmaqdadır.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov brifinqdə bildirdi ki, “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya “veteran adı” və yaxud “veteran kitabçasının” verilməsi səlahiyyəti verilməyib”.

Bu açıqlamanın ardından müraciətlərin sayı daha da artdı.

Ona görə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə müraciət etdik və bizi maraqlandıran, o cümlədən müharibədən geri dönən döyüşçülərin qarşılaşdığı problemlərə münasibətini öyrəndik.

«Müharibə veteranı» adının verilməsi ilə bağlı AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, burada «Amerika kəşf etmək» lazım deyil. Onsuz da Müdafiə Nazirliyi, qeyri nazirliklərdən fərqli olaraq öz veteranlarına daim ögey münasibətiylə seçilib. 27 ildir ən böyük 68 min üzvü olan bir veteran təşkilatının rəhbəri olaraq bunu əminliklə deyirəm. Ölkədə veteranların hüququ «Veteranlar haqqında» Respublika Qanunu ilə tənzimlənir. Qanunun 2-ci maddəsində açıq mətnlə yazılıb: «Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir».

Bu mətndə aydın olmayan nə var ki? Müdafiə nazirlliyinin veteran komissiyası var. Niyə elə bu yaradılan komissiya ilə birgə işləmirlər?

F. Rzaquliyev bildirdi ki, hərçənd Qanun köhnə Sovet — Almaniya müharibəsi veteranları üçün hazırlanmış olsa da, bu Qanuna bizim Vətən müharibəsinə aid əlavələr edilib: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».

Kimlər müharibə veteranı hesab edilir və şəxsin müharibə veteranı hesab edilməsi üçün hansı sənədlər tələb olunur?-sualını cavablandıran Füzuli Rzaquliyev dedi: «İndiyədək mövcud qanunvericiliyə uyğun olaraq, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlərŞəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur».

Amma indi yeni bir situasiya yaranıb və bu mövcud Qanunda bu müharibə əks olunmayıb. Deyilən Qanuna görə belə çıxır ki, müharibədə yaralanan müharibə veteranı, yaralanmayan veteran olmur?

Deyək ki, bir əsgər döyüşə girən kimi bir minamyot mərmisinə tuş gəlib yaralanır, amma ilk gündən son günədək aslanlar kimi döyüşüb yaralanmadan evə dönən əsgər müharibə veteranı sayılmır. Belə məntiq olarmı? Aprel döyüşlərinin iştirakçıları üçün bu maddədən deyil, Qeyddən istifadə etdilər. Bu qeyd məqsədli şəkildə edildiyi görünəndir. Ona görə dəfələrlə, həm Milli Məclisə, həm Müdafiə Nazirliyinə «Veteranlar haqqında» Qanun layihəsiylə müraciətlər etmişik. Hər bir müharibənin öz xarakterik xüsusiyyətləri var. Elə ona görə də hələ müharibədən qabaq Vətən müharibəsiylə bağlı belə bir qanun lahiyəsi işlədik. «Rus bizdən əl çəksə də, biz rusdan əl çəkə bilmirik». 41-45-ci illər müharibəsi olmasaymış, bizim «Veteranlar haqqında» Qanunumuz olmayacaqdı? Yaxud veteran adı təkcə döyüşçüyə verilməlidi. Lap elə Qazi olsun. İllərcə hansısa vəzifə postunda «çax-çux et», sonra da veteran adlan. Yaxud da get şoumen kimi pul qazan, sonra gəl sən də əmək veteranı ol. Belə məntiqmi olar? Qardaş Türkiyədə belələrinə «əməkli» deyirlər. Qazi adı çox ucadır. Bu da elə 5-ci kolonun döyüşçülərə qarşı törətdiyi bir təxribatıdır. Üstəlik də, yalnız bir ictimai təşkilata Dövlət büdcəsindən pul ayrılır və biz müraciət edəndə, güya mənbə tapa bilmirlər. Biz Ali Baş Komandanımız cənab İlham Əliyevə inanırıq və Qazi bir Komandan kimi bu məsələlərə diqqət ayıracağına da inanırıq.

Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev gənc döyüşçülərlə bağlı fikirlərini bizimlə bölüşdü: «Öncədən dəfələrlə bildirmişəm ki, öncə biz döyüşdük, indi də bizim yarımçıq işlərimizi tamamlamaq missiyasını bizim övladlarımız öz üzərlərinə götürdülər. Saytınız haqlı olaraqbu müharibənin adını, zarafatla «Atalar və Oğullar» müharibəsi qoymusunuz. Qatılıram və içi mən daxil biz varlığımızla, övladlarımızla bu tarixi yazanların sırasında olduq. Gənclərimiz bu gün haqlı olaraq təltiflərdə yol verilmiş saxtakarlıqdan şikayətlənirlər. İndidən yaralı qazilərimiz baxımsızlıqdan gileylənirlər . Amma buradan bildirirəm ki, biz o döyüşçüləri sevməyən boz sifət adamları yaxşı tanıyırıq. Biz şəhid ailələrinin və döyüşçülərin sonunadək yanındayıq və yanında olacağıq. İndidən bölməyə çalışanlara da bir xatırlatma edirəm ki, döyüşçü əsldirsə, bir yerdə olar. Özünüzü boşuna yormayın. Döyüşçülərlə şou əhlini də qarışıq salmayın».

Füzuli Rzaquliyev bildirdi ki, yeni döyüşçülərlə bağlı artıq müzakirələr aparılıb və AVMVİB İdarə Heyətinin qərarına uyğun şəkildə Birlikdə onların fəaliyyətinə şərait yaradılacaq. Həmçinin, artıq sayları 100-ə yaxınlaşan yeni döyüşçülərə köhnə döyüşçülər adından «Xoş gəldiniz!»-deyirəm.

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: