27.07.2024

Müəllim dedik

Ayaz Arabaçı

Uca kişilərin gözünə qatıb
Cındıra, qaloşa müəllim dedik.
Ağzında sözünü deyə bilməyən,
Pəltəyə, laloşa müəllim dedik.

***

Yox olub gedəcək sabaha izim,
Dərdli şeirlərlə doludur mizim.
Onda yıxıldı ki, evimiz bizim,
Peysərə, padoşa müəllim dedik.

***

Güllə tək birbəbir daraqlanmadıq,
Çox çətin gün oldu, yaraqlanmadıq,
Bu kimdi, nəçidi maraqlanmadıq,
Eləcə birbaşa müəllim dedik.

***

Olan ümüdi də sovurub yelə,
Qurşandıq Bizona, alışdıq Helə
Oğruya, əyriyə, quldura belə,
Biz niyə Mirpaşa müəllim dedik.

***

Görmədik xiyarı, bananı qağa,
Yandırır bu dərdlər, qananı qağa,
Qatırı, eşşəyi, dananı qağa,
Çəkib də hey başa müəllim dedik.

***

Arsıza nə deyim, hırhahır haqda,
Yağ yoxdu, öyülən piltə çıraqda,
Əsil ziyalılar qaldı qıraqda,
Hər kora, hər çaşa müəllim dedik.

***

Say birdən yüzəcən, say heç nə yoxdu,
Yoxdu bu dərəyə, tay heç nə yoxdu,
Gördük ki, deməyə day heç nə yoxdu,
Sıyığa, bozbaşa müəllim dedik.

***
Məcburdum söz açım, mən bu xüsusda,
Sən bizi bağışla, ey böyük usta,
Biz bu xəritədə, bu qlobusda,
Kazyola, oğraşa müəllim dedik!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: