Füzuli Rzaquliyev: «Qoy bu il tariximizə Qarabağın azad edilməsi ili kimi yazılsın»
Veteran.az-ın redaktoru Elnur Səlimin suallarına AVMVİB sədri Füzuli Rzaquliyev cavab verir.
E.S. — Daha bir ilimizi Qarabağsız başa vurmaqdayıq. İl ərzində AVMVİB hansı işləri gördü?
F.R. — Bəli, 2018-ci ili də Qarabağsız başa vurmaqdayıq. Amma ümumilikdə bu il AVMVİB üçün məhsuldar oldu. AVMVİB Qurultay keçirdi, veteranlarımızın təşəbbüsüylə xatirə medallarını buraxmağa nail oldu. Fəaliyyətsiz 7 rayon şöbəsinin fəaliyyətinə, Veteran.az saytının yayınına çətinliklə də olsa nail olmuşuq. Məktəblərdə, hərbi hissələrdə 100 -dən artıq görüşlər keçirilib. Bizim bölgələrdə olan şöbələrimiz kimsədən heç nə ummadan, umsalar belə, bəzi məmurlar, iş adamları millət naminə, gələcəyimiz naminə əllərini ağdan-qaraya vurmaq əvəzinə maneçilik töprətsələr də biz bu işləri görmüşük. Amma vətənpərvər icra başçıları olan rayonlardakı şöbələrimiz daha çox işlər görə bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində onlarla veteranımızın pozulmuş hüquqlarını bərpa edə bilmişik.
Bu işləri davam etdirəcəyik. AVMVİB ölkənin ən iri ictimai birliyidir. Təşkilat demək oar ki, veteranların böyük əksəriyyətini öz ətrafında birləşdirir. Çünki yarandığımız gündən öz məramımıza sadiq olaraq veteranlarımızın yanındayıq.
E.S. — Bu il təşkilatın büdcəyə salınmasıyla bağlı Baş Nazirə müraciət etmişdiniz. Deyəsən bu il də könüllülük prinsipiylə işləməyə davam edəcəksiniz…
F.R. — Biz ilərdir ki, layihə istisna olmaqla əmək haqqısız fəaliyyət göstəririk. Könüllü fədailik edirik. Orduya da könüllü getmişdik. Lakin artıq 25-30 yaşında orduya gedən döyüşçünün 55-60 yaşı var. Çoxları xəstəlikdən əziyyət çəkir. Elə veteranımız var ki, inanın həyatını kirayənişin olaraq yaşayır. Elə veteranlarımız var ki, 55 manat «veteran pulu» deyilən kompensasiyanın umuduna yaşamını qurur. Buradan hər bir veteranın minnətdarlığını bizim üçün əziz oan Azərbaycan Respublikası Prezidentinin I Vitse Prezidenti xanım Mehriban Əliyevaya çatdırmaq istəyirəm. Çünki bizim ardıcıl müraciətlərimizə, məhz H. Əliyev Fondunun prezidenti olanda ilkin müsbət yanaşma onun sayəsində oldu. Ona görə də veteranların hər birinin xanım M. Əliyevaya rəğbəti var.
Biz Azərbaycan Respublikasının «Veteranlar haqqında» Respublika Qanuna uyğun olaraq Baş Nazir cənab Novruz Məmmədova müraciət etdik. Çünki bu Qanuna uyğun olaraq bir ictimai quruma vəsait ayrılır. Amma artıq 65 min üzvü olan bir təşkilata isə bu mümkün sayılmır. Bax müraciətin mətnində konkret oaraq yazmışıq: «Azərbaycan regionumuzun ən qüdrətli ölkəsidir və bunu ancaq korlar dana bilər. Ölkəmizdə veteranların ictimai birliyinin büdcədən maliyyələşməsi faktı və qanuni bazası mövcuddur. Ulu Öndərimiz H. Əliyev tərəfindən imzalanmış 28 iyun 1994-cü il, 841 saylı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunda deyilir: «Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi
Veteranların sosial müdafiəsi tədbirlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika büdcəsinin və yerli büdcələrin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır (30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 21-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci maddəsinin birinci hissəsində «respublika büdcəsinin və yerli büdcələrin» sözləri «dövlət büdcəsinin» sözləri ilə əvəz edilmişdir. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir».
Mətnə diqqət yetirin. Hər şey aydın yazılsa da 25 ildi biz öz müraciətlərimizə müsbət cavab ala bilməmişik.
Yeni ildə Ali Baş Komandanımıza müraciət etmək niyyətindəyik. Çünki veteranlara ayrılan investisiya yeganə investisiyadır ki, bir başa cəmiyyətdə hərbi vətənpərvərliyin yüksəlməsinə xidmət edir. Çünki ardımızca gələn nəsil bizə olan münasibətdən ibrət götürür…
E.S. — 2019-cu ildə AVMVİB-nin hədəfləri?
F.R. — Bizim dəyişməz bir arzumuz var. Uğrunda döyüşdüyümüz Qarabağın addım-addım düşmən tapdağından azad edilməsidir. İnanıram ki, bu elə 2019-cu ildə baş verəcək. Hər bir müharibə veteranı yaşa baxmadan bu yoilda yürüməyə bu gün də hazırdır.
AVMVİB -nin fəaliyyət proqramı hazırlanır. O proqram üzrə gənc nəslin və əsgərlərimizin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi əsas qayəmiz olaraq qalacağını deyə bilərəm. Şöbələrlə əlaqələri gücləndirilməsi, təşkilati işlərin daha operativ şəkildə idarə olunması üçün İşçi Qrup yaradılmasını planlaşdırırıq.
Rayon şöbələri də bu istiqamətdə verdiyi təklifləri nəzərdən keçiririk. Bu gün müəyyən qruplar var ki, görülən işlərə ağız büzür, düşmən dəyirmanına su daşımaqla məşğul olurlar. İstər ölkə daxilində, istərsə də ölkə xaricində müəyyən adamların apardıqları yaramaz işlərə «Dur!» deməyin vaxtıdır. Daxildəki satqınlar tutduqları mövqelərdən asılı olmadan veteranlara, şəhidlərimizə, ölkənin tabusu hesab edilən şəxsiyyətlərə qarşı ağızlarına gələni danışırlar. Xaricdə yaşayan həmvətənlərimizin əməlləri də qınanmalıdır. Düşmən qondarma demokratiya oyunu oynayıb «demokratiya» görüntüsü yaratmağa çalışdıqları bir vaxtda biz nə edərik? Guya bunlar «siyasi mübarizə» aparırlar. Əxlaqdan və siyasi mübarizə üsullarına yad bir yolla ölkə başçısına qarşı qaralama kompaniyası aparırlar. Ölkəmizin imicini ayaqlar altına atan belələri cəzalandırılmalıdır. Qoy bu adamlar özləri araşdırsınlar ki, bircə erməni bunlara bənzər şəkildə öz dövlət başçılarına qarşı mübarizə aparırmı?
Bir veteran təşkilatı kimi bu adamlara qarşı mübarizəni gücləndirmək barədə də təkliflərimiz var. Ölkədə siyasi stabilliyi pozmaq istəyənlər qarşılarında bizləri görəcəklər.
E.S. — Şəhid ailələrinə veriləcək kompensasiyaların bu şəkildə verilməsi ikrah doğurur. Mən veteranlarla söhbətdə bu fəaliyyətin də düşmən dəyirmanına su daşımaq olduğunu deyənlər çoxdur. Siz də bu məsələni müzakirə etmisiniz. Niyə belə oldu?
F.R. — Bu problem ağrılı yerimizdir. Ölkə prezidenti fərman verir, bunu yerinə yetirmək əvəzinə oyun oynayırlar. Şəxsən 2857 müharibə əlilinin üzv olduğu bir veteran təşkilatı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin işindən çox narazıyıq və buna səbəb yeni komandanın şikayət və müraciətlərə baxmamasıdır. Sanki bu komanda keçmiş komandaya rəhmət oxutmaq üçün gəlmişlər.
Şəhid ailələrinə münasibət utancvericidir. Müharibə bir yana dursun, əsgərlikdə olmayan kadrlardan özgə heç nə gözləməyə dəyməz. Biz bu barədə də Ali Baş Komandana müraciət edəcəyik. Artıq düşmən mətbuatı bunu təbliğat mövzusuna çeviriblər. Bu adamları dinləmək əvəzinə oyun oynayırlar. Heçç olmasa verilən sərəncamı oxumurlar.
E.S. — Qarşıdan Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Veteranlara və xalqımıza arzularınız?
F.R. — Bu münasibətlə Azərbaycan xalqını və bütün veteranlarımızı təbrik edirəm. 2018-ci il ağrılarımızla, sevinclərimizlə geridə qalır. 2019-cu il daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin.
Qoy bu il 1 milyon qaçqın və məcburi köçkünümüz üçün Vətən həsrətinə son qoyan il, Ordumuz üçün Zəfər ili olsun!
Ordumuzda xidmət edən hər bir zabit və əsgərimizi təbrik edirəm.
Qoy bu il tariximizə Qarabağın azad edilməsi ili kimi yazılsın.
Yeni il bütün insanlığa və ölkəmizə barış, xoşbəxtlik gətirməsi diləyiylə Yeni İliniz mübarək olsun!
Müsahibəni hazırladı: Elnur SƏLİM