12.07.2026

Mübariz Eldar oğlu yazır: «Əziz silahdaşlarım!…»

Əziz silahdaşlarım! Bəzən bir ömür boyu söyləyə bilmədiyimiz həqiqəti bir şair bir neçə misrada dilə gətirir. O misralar illər keçsə də köhnəlmir. Çünki haqq söz zamanın deyil, vicdanın övladıdır. Bu gün sizə öz sözlərimdən çox, böyük şair Cabir Novruzun vicdandan süzülüb gələn hikmətləri ilə müraciət edirəm. Çünki insanın ən böyük yoxsulluğu malının azlığı deyil, qədir bilməməsidir. Qədir bilinməyən yerdə sevgi quruyur, hörmət azalır, birlik zəifləyir, dostluq isə tədricən xatirəyə çevrilir. Şair necə də müdrik deyirdi: «Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin…» Əziz silahdaşlarım! Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi otuz ildən artıqdır ki, minlərlə veteranın, qazi və vətənpərvər insanın ümumi ocağıdır. Bu ocağın bu günə gəlib çatması təsadüf deyil.

Bu yolda neçə-neçə insanların alın təri, gecə-gündüz zəhməti, səbir və fədakarlığı dayanır. Bu təşkilatın hər daşında, hər uğurunda illərlə əziyyət çəkmiş insanlar vardır. Sədrimiz Füzuli Rzaquliyevin gecəsini gündüzünə qataraq göstərdiyi xidmətlər, sədrin birinci müavini Vahid müəllimin yorulmaz fəaliyyəti, Niyazi müəllimin işgüzarlığı, rayon və şəhər şöbə sədrlərinin fədakar zəhməti, minlərlə üzvümüzün çəkdiyi çətinliklər unudulmamalıdır. Onların hər biri bu böyük ailənin dayaqlarındandır. Cabir Novruz bizə elə bunun üçün xatırladır: «Sağlığında qiymət verin insanlara…» İrfan əhli buyurur ki, minnətdarlıq etməyi bacarmayan insan, nemətin qədrini də bilməz. Elə isə niyə əziyyət çəkənləri yalnız illər keçəndən sonra yada salaq? Niyə bir «Allah razı olsun» kəlməsini vaxtında deməyək? Şair yenə xəbərdarlıq edir: «Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın.» Bu misralar təkcə ailəyə yox, bizim təşkilat həyatımıza da aiddir. Sabah deyərik, sonra edərik, vaxt taparıq düşüncəsi bir çox gözəl işləri yarımçıq qoyur. Silahdaşlarım! Birliyin gücü yalnız toplantılarda deyil, gündəlik münasibətlərdə də görünür. Sədrimizin və rayon sədrlərinin hər səhər yazdığı sadə «Sabahınız xeyir» mesajına cavab vermək bəzən böyük nitqlərdən daha qiymətlidir. Çünki salam sevgini artırır, cavab isə hörmətin nişanəsidir.

Təşkilatımızın səsi olan «Veteran.az» qəzeti də bizim ortaq tribunamızdır. Onun yaşaması hər birimizin mənəvi borcudur. Ay ərzində cüzi sayılan qəzet haqqının vaxtında ödənilməsi heç də pul məsələsi deyil; bu, təşkilata, onun fəaliyyətinə və gələcəyinə verilən qiymətin göstəricisidir. Böyük işlər bəzən kiçik məsuliyyətlərin vaxtında yerinə yetirilməsi ilə başlayır. Əziz silahdaşlarım! Bu gün ətrafımızda təşkilatımızın nüfuzuna kölgə salmaq istəyənlər də tapılır. Kənardan baxıb zəhməti kiçiltmək asandır. Lakin unutmayaq ki, möhkəm bina daş atmaqla yox, təməlini qorumaqla yaşayır. Biz heç vaxt şəxsi ədavətlə deyil, qanun çərçivəsində, hüquqi yollarla cavab verməli, təşkilatımızın adına, nüfuzuna və birliyinə sahib çıxmalıyıq.

Cabir Novruz yazırdı: «Sağlığında ifşa edin xəbisləri, Satqınlara sağlığında satqın deyin.» Bu misraların mahiyyəti odur ki, haqqı müdafiə etmək susmaqdan üstün, birliyi qorumaq isə parçalanmaqdan qiymətlidir. Əziz silahdaşlarım! Bu gün hər birimiz şəxsi düşüncələrimizi deyil, ümumi amalımızı üstün tutmalıyıq. Fikir ayrılığı ola bilər, lakin məqsəd ayrılığı olmamalıdır. Biz bir bayraq altında, bir təşkilatın sıralarında xidmət edirik.

Buna görə də hər bir rayon şöbə sədrini və bütün üzvlərimizi sədrimiz Füzuli Rzaquliyevin ətrafında daha sıx birləşməyə, təşkilatımızın nüfuzunu birlikdə qorumağa çağırıram. Çünki birlik olan yerdə güc, güc olan yerdə isə hörmət vardır. Cabir Novruz bunu bir misrada böyük hikmətə çevirir: «Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır.» Elə isə gəlin insanları yalnız itirdikdən sonra yox, yanımızda ikən sevək. Minnətdarlığımızı gizlətməyək. Hörmətimizi sabaha saxlamayaq. Çünki zaman heç kəsə borclu deyil. Mən də bu məktubu böyük şairin ölməz çağırışı ilə bitirmək istəyirəm: «Diri üçün iynə boyda hörməti mən, Ölü üçün min heykələ dəyişmərəm…»

Ey silahdaşlarım! Bir-birimizin qədrini bilək. Birliyimizi qoruyaq. Əziyyət çəkən insanlara sağlığında təşəkkür etməyi bacaraq. Təşkilatımızın işinə laqeyd qalmayaq. Qəzetimizi yaşadaq, salamı cavabsız qoymayaq, məsuliyyətlərimizi vaxtında yerinə yetirək, təşkilatımızı gözdən salmaq istəyənlərə isə qanun və birliklə cavab verək. Allah bizə insanın qədrini insan sağ ikən bilməyi, haqqın yanında olmağı, birliyimizi qorumağı və Vətən uğrunda xidmət edən hər kəsə layiq olduğu dəyəri verməyi nəsib etsin.

Mübariz Eldar oğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: