11.03.2025

Sadir Məmmədov — 75

Dünən Vətənin layiqli övladı — polis polkovniki, Ağdərə və Şuşa Polis İdarələrinin rəisi, ovaxtkı vilayətin Polis İdarəsi rəisinin müavini kimi Birinci Qarabağ savaşının fəal iştirakçısı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dostum və həmkarım, BSU-nun Azərbaycanşünaslıq və slavistika elmi-tədqiqat mərkəzinin rəhbəri dosent Sadir Məmmədov ad gününü qeyd etdi. Builki ad günü onun 75 illiyinə təsadüf edib.

Sadir müəllim yüksək professoinallığı, elmi və ictimai fəaliyyəti, pedaqoji ustalığı, qayğıkeş ailə başçısı kimi Azərbaycan insanına xas olan ən bariz keyfiyyətləri ilə çalışdığı kollektivlərin, əhatəsinin bəzəyi olan müasirlərimizdəndir. Polkovnikin canlı portreti, hərtərəfl və yorulmaz fəaliyyəti digər bir dostumuz, görkəmli ədəbiyyatşünas-alim Rüstəm Kamal tərəfindən Zəfərimizdən öncəki illərdə «Oğlunu tanı, Vətən» kitabında geniş işıqlandırılıb. Bu isə Qarabağın gələcək qəhrəmanları üçün gözəl nümunə idi. Sadir müəllim Qarabağ həqiqətlərini dərindən bilən bir döyüşçü və alimdir. İllər boyu tədbirlərdə, mətbuatda, televiziya ekranlarında, qələmə aldığı və tərtib etdiyi, dünya dillərində, ilk növbədə, slavyan dünyasında yaydığı kitablarla o bu həqiqətləri gənc nəsillərə və xaricdəki tərəfdaşlarımıza çatdırır. Onun 2022-ci ildə işıq üzü görmüş «QARABAĞ: MİF VƏ HƏQİQƏT» kitabını — dərs vəsaitini xalqımızın torpaqlarımızın bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin salnaməsi kimi qiymətləndirmək olar.

Polkovnik Sadir Məmmədov kimi yaşlı nəsil nümayəndələrimizin təhsil müəssisələrində fəaliyyətini gənclərimizin milli və vətənpərvərlik ruhunda böyüdülməsi üçün vacib amil hesab edirəm. Sadir müəllimə can sağlığı arzulayıram!

Telman Cəfərov,
Filologiya elmləri doktoru, professor

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: