21.11.2024

Beynəlxalq birlik 7 fevral seçkilərinin azad və demokratik şəraitdə keçirildiyini təsdiqləyir – Millət vəkili 

7 fevral  növbədənkənar prezident seçkiləri bütöv, qalib suverenliyi tam təmin olunmuş Azərbaycanda demokratik prinsiplərə uyğun keçirildi. Azad, ədalətli və şəffaf seçki keçirməklə ölkəmizin zəngin təcrübəsi var. Mövcud seçki qanunvericiliyi də buna imkan verir. Təbii ki, seçicilərin seçkilərə olan münasibəti əsas amildir. Çünki seçkinin mahiyyətini məhz seçici müəyyənləşdirir. Bu kontekstdə növbədənkənar prezident seçkiləri böyük seçici fəallığı fonunda baş tutdu.

Bunu Veteran.az- a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, 7 fevral seçkiləri əvvəlki seçkilərlə müqayisədə daha çox diqqət mərkəzində idi: “Zəfər seçkisinə beynəlxalq ictimaiyyətin də marağı böyük oldu. Seçkiləri izləyən yerli və beynəlxalq müşahidəçilərin sayı və iştirakı bunu təsdiq edir. Növbədənkəar prezident seçkilərini 90 mindən artıq müşahidəçinin izləməsi əslində məsələnin mahiyyətini göstərir. Eyni zamanda 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi 7 fevral seçkilərini izləyib. 109 beynəlxalq media qurumunun 216 təmsilçisi isə seçki prosesini dünya ictimaiyyətinə çatdırıb”.

Deputat bildirib ki, seçkini müşahidə edənlərin 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndəsi olub: “Bununla yanaşı 83 qeyri-hökumət təşkilatı seçkilərdə müşahidə aparıb. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqədə 23 mindən artıq seçicinin səs verməsi təşkil edilib. Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız isə 37 ölkədə 23 minə yaxın seçici kimi 49 məntəqədə səs verib. Bütün bunlar fevralın 7-də xalqımızın kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə, Müzəffər Ali Baş Komandana öz vəfa borcunu ifadə etdiyini bir daha bütün dünyaya nümayiş etdirir”.

Millət vəkili bildirib ki, prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin rəyləri də ölkəmizdə azad, demokratik seçkilərin keçirildiyini təsdiq edib: “Prosesi izləmiş beynəlxalq müşahidəçilərin hər şeyi olduğu kimi ifadə etməsi əslində bəzi qərəzli qüvvələrə, o cümlədən Fransa və Almaniya kimi ölkələrə layiqli cavab olub. Seçkidə inamlı qələbə qazanmış cənab Prezident İlham Əliyevə gələn təbriklər də prosesin mahiyyətindən xəbər verir”.

Aqil Məmmədov cənab Prezident İlham Əliyevə seçkidəki qələbəsi münasibəti ilə qardaş Türkiyə başda olmaqla region dövlətlərinin başçıları o cümlədən beynəlxalq təşkilatların rəhbərlərinin təbrik mesajları göndərdiyini söyləyib: “Əslində Azərbaycan Liderinə ünvanlanan təbrik məktubları ölkəmizdəki seçkilərin mahiyyətinə verilən yüksək qiymət hesab edilir. Bu xüsuda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevə zəng edib və Onu seçkilərdəki qələbə münasibəti ilə təbrik edib. Telefon danışığında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyi bildirilib. COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərindən bəhs olunub. Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Seçkidən sonra Azərbaycana, onun Liderinə olan yüksək qiymət ölkəmizin özünəməxsus strateji yol xəritəsinə əsaslandığını bir daha təsdiq edir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: