“Qarabağın Koroğlusu”nun Qarabağlı ad günü
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, Qarabağ qazisi, “Qarabağın Koroğlusu” Füzuli Ədəb oğlu Rzaquliyevin ad günüdür.
Veteran.az xəbər verir ki, Birinci Qarabağ müharibəsinin qəhrəmanı F.Rzaquliyevin Birinci taborun (18110) tərkibində tağım komandiri kimi ilk döyüşü Sarısu istiqamətində, Erkəş, Mənəş və Buzluq yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda olub. Sonra Daşaltı, Şuşa, Kəlbəcər, Laçın, Ağdərə istiqamətlərində gedən çoxsaylı ağır döyüşlərdə iştirak edib. Qorxmazlığı, cəsarəti, şücaəti səbəbindən döyüş yoldaşları ona “Koroğlu” ləqəbi vermişdilər. Bu döyüşlərdə yaralansa da, son Atəşkəs gününədək ordu sıralarını tərk etməyib.
Atəşkəs dövründə də Vətənə xidmətdən qalmayan Füzuli Rzaquliyev döyüş yoldaşlarıyla birgə ictimai təşkilat yaradaraq ölkədəki veteran probleminin qarşısını ala bildilər. Ömrünün böyük hissəsini Vətən, millət, xalq, Qarabağ yolunda müqəddəs amallar uğrunda xərcləmiş qəhrəman qazimiz bu gün ad gününü ən böyük arzusuna yetərək keçirir. Canını fəda etdiyi Qarabağ torpağının azadlığı onun bundan sonrakı bütün ad günlərinin ən böyük hədiyyəsidir, bəlkə də.
Öz şücaəti ilə gənclərə örnək olan Füzuli Rzaquliyevi bu ad günündə cəmiyyətin sayılıb-seçilən, öz sahələrində fərqlənən gəncləri də təbrik edirlər:
Şair- jurnalist Günay Nəriman: “Onun haqqında söz demək, təbrik etmək belə çox çətindir, məsuliyyətlidir. Bu gün «Qarabağın Koroğlusu»nun doğulduğu gündür. Bu adla bütöv Azərbaycanda ad-san, hörmət qazanan I Qarabağ müharibəsi qazisi Füzuli Rzaquliyev bu Vətən üçün, bu torpaq üçün çox işlər görüb. Canı-qanı bahasına Vətənini qorumağa çalışıb, sağlamlığını qurban verib torpaq yolunda. O deyir ki, «Şəhidlər Xiyabanına gedəndə məzar daşlarına, şəhidlərin üzünə baxmağa utanırdım. Vətən müharibəsindəki qalibiyyətimizdən sonra rahat-rahat, başı uca onları ziyarət edə bilirəm». Bu sözləri deyən Vətən oğlunun, Vətən sevgisinin, qeyrətinin qarşısında baş əyərək, doğum gününü təbrik edirəm”.
Xanəndə Mirələm Mirələmov: “Qəhrəmanımızı təbrik edirəm, ona sağlam canla uzun ömür arzulayıram.
Bu gün azad Qarabağ deyiriksə, bu azadlığı şəhidlərimizə və Füzuli müəllim kimi qəhrəmanlarımıza borcluyuq.
Onun haqqında mahnı ifa etmişəm. Mənim üçün böyük şərəfdir ki, bir Qarabağ qazisi Füzuli müəllim haqqında yazılan mahnını mən ifa etmişəm.
Siz bizə örnəksiniz, bizim ilham yerimiz, tariximizsiniz…
Allah sizləri var eləsin…”
Şair, Prezident mükafatçısı Qabil Ədalət: “”Qarabağın Koroğlusu” haqqında nə qədər danışsaq belə azdır. Kitablar, dastanlar yazılmalıdır hələ. Mən Füzuli müəllimə şeir həsr etmişdim, az da olsa onun qəhrəmanlığını qələmə almağa çalışmışam şeirdə. Təbii ki, onun qəhrəmanlığı bir şeirə sığacaq qədər deyil. Həmin şeirə mahnı bəstələndi və Əməkdar artistimiz Şəmistan Əlizamanlı çox gözəl ifa etdi.
Füzuli müəllim, yeni yaşınızı təbrik edirəm. Uğrunda can qoyduğu bu torpaqda yaşamaq sizin kimi oğullarımızın birbaşa haqqıdır.
Sizə sağlam canla uzun ömür arzu edirəm”.
Biz də “Qarabağın Koroğlusu”nu yeni yaşı münasibətiylə təbrik edir, ona möhkəm can sağlığı arzu edirik!
Şahanə Müşfiq