05.12.2024

Polad Həşimovun doğum GÜNÜDÜR

Azərbaycan ordusunun iyul döyüşləri zamanı şəhid olan generalı Polad Həşimovun doğum günüdür.

Veteran.az xəbər verir ki, Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub. 1975-cı ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı «Motoatıcı» ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə «hərbi idarəetmə» üzrə magistr dərəcəsi alıb.

1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirmiş, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib. Həmçinin 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib. Həmin ilin fevral ayında Murovdağı silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 

2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır. 

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olub. 

14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Ailəli idi. Üç övladı yadigar qalıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: