21.11.2024

AVMVİB 9 Oktyabrı qeyd etdi

9 Oktyabr 1991 — ci ildə Milli Ordunun yaranması günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri və 701 saylı hərbi hissənin Veteranlar Şurası Şəhidlər Xiyabanlarında şəhidlərimizi ziyarət etdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Şəhidlər abidəsinə əklil qoyuldu və şəhid məzarlarına isə qərənfillər düzüldü.

Xatırladaq ki, ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 Oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşdı. Sonrakı illərdə də Ordu quruculuğu davam etdirildi. Prezident İlham Əliyev bu prosesləri daha uğurla davam etdirərək ordu birləşmələrini modernləşdirdi. Nəticə göz qabağındadır. Bu Zəfərin baş memarı Ali Baş Komandanımız cənab İlham Əliyevdir.

F. Rzaquliyev bildirdi ki, hər il olduğu kimi az saylı zabit heyətiylə, silah olmadan bir ordunun yaradılmasına başladıq. Vətənimiz uğrunda yüzlərlə şəhid verdik. Bir heçdən ordu yaradaraq imperiyalara qarşı döyüşdük. Bu gün bu yolda birgə yürüdüyümüz şəhid və sıralarımızı vaxtsız tərk etmiş veteran qardaşlarımıza Allahdan rəhmət diləyir və veteranlarımıza can sağlığı arzulayıram.

Azərbaycanın Müzəffər Ordusuna və Ali Baş Komandanına eşq olsun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: