«Azərbaycanın suverenliyi bərpa edildi» — AVMVİB sədri saytımıza danışdı
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzulu Rzaquliyev antiterror tədbirlərinin uğurla başa çatması ilə bağlı saytımıza danışıb. AVMVİB sədri ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliyi və zərgər dəqiqliyi nəticəsində aparılan bu hərbi tədbirlər ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcud olması, terrorçuların mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq son 24 saat ərzində onların ağ bayraq qaldırıb təslim olması ilə yekunlaşmasını ordu quruculuğu istiqamətində görülən işlərin və şəxsi heyətin peşəkarlığının nəticəsi kimi səciyyələndirdi.
«Heç bir mülki obyektə və mülki əhaliyə təsadüfən də olsa zərər dəymədi. Bu əsil peşəkarlıqdır» — deyən F.Rzaquliyev bildirdi ki, qeyd olunan məsələ birbaşa Ali Baş Komandanın tapşırığı ilə aparılmış və antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş, mülki əhali qorunmuşdur.
Sonda AVMVİB sədri Füzuli Rzaquliyev Azərbaycan öz suverenliyini bərpa etməsi münasibəti ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıq ifadə etmiş və xalqımızın başı üzərindəki qara buludların bir daha geri dönməməsini arzulayaraq Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləmişdir.