Vasif Talıbov məhkəmə qarşısına çıxarılacaq — Həbs edilmiş məmurlar qisas əməliyyatına başlayır
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” “kiçik torpaqda” narazı olan şəxsləri fəallaşdırıb.
İctimaimedia.az xəbər verir ki, Talıbovun vaxtilə həbs etdirdiyi şəxslərin bir qismi, eləcə də Naxçıvandan didərgin salınmış bəzi iş adamları haqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyi qərarlaşdırıblar.
Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova qarşı vahid cəbhədə birləşiblər, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.Məlumatda bildirilir ki, plan baş tutarsa, Talıbovu çox ciddi cəzalar gözləyə bilər. Çünki iddialarda sübutlar, təkzibedilməz faktlar kifayət qədər çoxdur.
Qeyd edək ki, Vasif Talıbovun diktatorluğu, xan üsul-idarəsindən əziyyət çəkən, maddi və mənəvi ziyan görən, işini, azadlığını itirən şəxslərin sayı yüzlərlədir.
Onlar arasında iri məmurlar da var. Talıbov elə son illərdə bir neçə yüksək vəzifəli şəxsi həbs etdirib.