27.07.2024

Heç kim unudulmur…

AVMVİB Zəngilan rayon şöbəsi olaraq 1 ci Vətən Müharibəsi Şəhidi Allahverdiyev Qorxmaz Bahadur oğlunun anası Zeynəb xanımı ziyarət etdik.

Ziyarətdə Şəhidimizin keçdiyi döyüş yolundan danışdıq. Sonra şəhid anası Zeynəb xanım AVMVİB Zəngilan rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edildi.

Tədbirdə şəhidimizin adaşı Allahverdiyev Qorxmaz Barat oğlu 2-ci Vətən müharibəsində iştirak edib. Vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün AVMVİB Zəngilan rayon şöbəsi adından Fəxri Fərman və AVMVİB Zəngilan rayon şöbəsinin üzvlük vəsiqəsi təqdim olundu.

Allahdan Şəhidimizə rəhmət diləyir və yaxınlarına can sağlığı arzulayıram.

Allahverdiyev Qorxmaz Bahadur oğlu 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1988-ci ildə Zəngilan şəhər səkkizillik məktəbini bitirdikdən sonra rayondakı 144 saylı texniki peşə məktəbində ixtisas qazanıb.

1992-ci ilin mayında hərbi xidmətə çağırılıb. Xidməti borcunu rayonun döyüş postları olan Seyidlər, Quyudərə, Xəştab, Şayıflı, Kolluqışlaq, Rəzdərə və digər sərhəd kəndlərdə yerinə yetirib.

Həmin ilin oktyabrında Qubadlı rayonunun Başarat kəndində, dekabr ayının 10-da isə rayonumuzun Şayıflı və ətraf sərhəd kəndlərində ermənilərin hücumlarının dəf olunmasında iştirak edib.

Rayonun mərkəzini daim atəş altında saxlayan ermənilərin atəş nöqtələrini məhv etmək məqsədilə 10 aprel 1993-cü ildə təşkil olunan və düşmənin 4 kəndinin ələ keçirilməsi ilə nəticələnən hücum əməliyyatı zamanı qəhrəmancasına şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: