İntihar edən qazinin atası: “Oğluma iş vermirdilər, hər yerə müraciət etmişdi”
Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.
AZXEBER.COM məsələ ilə bağlı Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov ilə əlaqə saxlayıb.
Qazinin intiharı ilə bağlı danışan atası onun işlə bağlı problemləri olduğunu bildirdi: “Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problem var idi, sonda da belə oldu”.
AZXEBER.COM məsələylə bağlı Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov ilə də əlaqə saxlayıb. O isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirib:“Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.