02.11.2024

“Tik-Tok”da vəhabi söhbətinə görə qazi olan leytenantı ÖLDÜRÜB

Alp.az-ın məlumatına görə, ötən gün Bakı şəhərində bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonunun Zəyəm kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşmüş, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanmışdır. Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Ailəsindən verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.

Ailəsinin dediyinə görə, Natiq evli olub. Onun iki yaşlı bir oğlu var imiş.

Ən dəhşətlisi isə odur ki, N.Ramazanovun gələn ay yeni körpəsi dünyaya gələcəkmiş.

O, bu gün Zaqatalada torpağa tapşırılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: