Matvey Qanapolski: «Bir müddət keçəcək və yeni bir müharibə olacaq. Amma bu dəfə barışıq Rusiyasız olacaq»

“Ermənistanla Azərbaycan arasında barışıq imzalandıqdan sonra hamı dərhal kimin qalib, kimin məğlub olduğunu müzakirə etməyə başladı. Gəlin biz də müzakirə edək. Bir ərazi uğrunda bu çılğın müharibənin ən qısa müddətdə dayandırılması lazım idi və bu proses Putin də daxil olmaqla hər iki tərəfin əsas nailiyyəti hesab edilə bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri hərbi ekspert Matvey Qanapolski Dağlıq Qarabağ müharibəsinin yekunlarını şərh edərkən bildirib.

Ekspert “Azərbaycan nə qazandı? Əlbəttə Qələbə! Ölkədə kütləvi qeyd etmələr, sevincli qışqırıqlar və hətta atəşfəşanlıq Azərbaycan cəmiyyətinin barışığı qələbə kimi qəbul etdiyinə işarə edir”, – deyərək vurğulayır ki, Azərbaycan uzun illərdir mövcud olan status-kvonu darmadağlnn etdi və müharibədən sonra yeni reallıq yaratdı:

“O reallıqlardan biri də budur ki, İlham Əliyevin sevinclə elan etdiyi kimi Qarabağ heç bir xüsusi status almayacaq. Azərbaycanlılar güclü bir hərbi gücə sahib olduqlarını başa düşüblər. Bu da əsas amillərdən biridir. Digər məqam isə güclü bir müttəfiqi yanında görmələridir – Türkiyə. 

Hərbi ekspert deyir ki, Azərbaycanlıların Türkiyə ilə hərbi yardımla bağlı hər hansı bir xüsusi razılığı yoxdur, çünki Türkiyə başqa bir dünyanın – NATO-nun üzvüdür. Ancaq Ərdoğan aqressivdir və hər hansı bir razılaşmaya tüpürərək öz qardaş xalqına necə kömək edəcəyini bilir.

M.Qanapolski diqqəti Ermənistan üzərində cəmləyərək vurğulayır ki, bu ölkə müharibədə ən çox məğlub olan tərəf kimi yadda qaldı:

“Belə bir nəticəyə politoloqlar deyil, İrəvanın dövlət qurumlarına girən Ermənistan vətəndaşları gəliblər. Açıq danışaq, Paşinyanın bu məsələdə nə qədər günahı var?! Demək çətindir.

Vətəndaşların isə Ermənistanın daha zəif bir orduya sahib olması vecinə də deyil; müharibənin davam etməsinin minlərlə erməniyə ölüm gətirəcəyini; bu müharibəni sanki təcrid olunmuş və mənəvi dəstək almadan apardıqlarını heç düşünmək belə istəmirlər. Bütün bunlar vətəndaşlar üçün vacib deyil. Əsas odur ki, onlar bu siyasi quruluşda məğlubiyyətlərini və alçaldıcılarını görürlər.

İndi “şanlı” sülhməramlımızdan, Rusiya haqqında danışaq. Başlanğıcda, on illərdir ki, Rusiya KTMT üzvü olaraq Qarabağ probleminin hərbi mərhələyə keçməməsi üçün heç bir şey etməyib.

Paşinyan tamamilə Rusiyadan asılıdır, Əliyev isə Putinin ən yaxşı dostudur. Ancaq Putin 20 ildir “sahil”də otururdu və münaqişəni həll etməyə çalışmırdı. Müharibə başlayanda və Paşinyan onu köməyə çağırdıqda isə Putin Ermənistan ərazisinə hər hansı hərbi müdaxilənin olacağı təqdirdə onu müdafiə edəcəyini dedi. Belə bir açıqlamadan sonra Paşinyan “böyük” Rusiyanın onu tərk etdiyini anladı və nəticədə bir sülh müqaviləsinin imzalanması qaçılmaz oldu.

Beləliklə, Azərbaycan bütün Qarabağda bonus əldə etdi və ümid edir ki, bu bonuslar əbədi olacaq. Ermənistan isə yaralarını “yalayır”. Rusiya da öz növbəsində bölgəyə sülhməramlıları gətirib və bununla da Putin həmişəlik Qarabağda olduğunu düşünür.

Amma inanmıram belə davam edəcək. Bir müddət keçəcək və yeni bir müharibə olacaq. Rusiya bu səhnədən qovulacaq, Ermənistan və Azərbaycan yenidən silahlarını bir-birinə tuşlayacaq. Və sonra barışacaq, ancaq Rusiyasız.

Rusiyanın nə cür “dost” olduğunu ermənilər uzun müddət xatırlayacaq.

Və bir nəticəyə gələcəklər”.

Natiq Səlim, KONKRET.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Поделились