19.04.2024

Savaş bir istəyimizi ala bilmədi

Xaqani Ədəboğlu

Buralarda savaş var
Oralarda günəş varmı?
Varsa sor ona
Niyə isitmir bizi
Sizi isitdiyi qədər?
(Fikret Tuncer «Əsgər məktubu»)

Biz savaşa yollananda 20-30 yaşlarındaydıq. Bir dahinin dediyinə görə, savaş, tarixin elə bir anıdır ki, o, millətin ən gizli intim münasibətlərini də tarix səhnəsinə çıxarır. Bu gün multikulturalizm «qoruğunda» səs-küy salan «Biləcəri cırcıramalarından» fərqli olaraq Qarabağın o qanlı və qaranlıq gecələrində kimin kimlə him-cim etdiyini belə görürdük. Bizləri ermənilər savaşçı olduğumuza görə, arxadakılar isə onların bu əməllərini gördüyümüzə görə heç sevmədilər. İstəsələr belə sevə də bilməzdilər…


Bizi isə güllələr sevdi. Bizi Vətəni sevdiyimiz kimi sevdi. Odlu, yanar bir qurğuşun kimi sevdi bizi. Bu bizə yetər.

Buralarda savaş var
Oralarda qadın varmı?
Varsa sor ona
Niyə öpmür bizi
Sizi öpdüyü qədər?

Bu gün şəhidin atasına, «oğlunu mən göndərməmişdim»- deyən beynini piy basmış məmur, heç zaman bilə bilməz ki, onun dörd əllə yapışdığı dünyanı şəhid valideyni öz şəhid balasını bircə anlıq qucaqlayıb qoxlamaq üçün düşünmədən və göz qırpmadan verər. O sözü deyə bilən adamcıq hardan bilsin ki, hələ öpüş görməmiş nə dodaqlar bu məmləkətin torpağını son dəfə öpürmüş kimi nakam köçdülər…


Buralarda savaş var
Oralarda çiçək varmı?
Varsa sor ona
Niyə qoxusu gəlmir
Sizə gəldiyi qədər?

Döyüşçünü özünə borclu bilən fərarilər, hardan bilsin ki, itirdiyi və sızıltı ilə geyişən bir əzasını qaşımaq üçün bu şərəfsizlərin qazandığı sərvətin 10 qatını da göz qırpmadan verər. Təkcə itmiş bir əzanı qaşımaq istəyini anlamayanların olmayan vicdanları belə qaşınmaz. Savaşı hər kəs pisləyər. Amma hər kəs ən azı özünü qorumaq üçün savaşa hazırlaşar. Əlbəttə kosmopolitlər və patsefistlər bu kriteriyaları özlərinə sığıncaq etmək üçün bizləri heç zaman sevməzlər. Çünki bizi sevmək üçün özlərini danmaları lazımdır.

Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?

Bizim nəsil gəncliyini heç yaşaya bilmədi. Buna vaxtımız olmadı. Bu gün sıralarımız seyrəlir. Bir — bir veteran döyüşçülər 49-55 yaşlarında bu dünyaya əl yelləyib gedirlər. Hökmüm olsaydı, döyüşçü dostlara ölməyi qadağan edərdim: «Qarabağı almamış ölmək bizlərə yasaqdır». Düşmən tərəfinin ideoloqları Qarabağı de yure almaq üçün sonuncu veteranın öldüyü günədək gözləməyi öz xalqlarına məsləhət bilirlər. Bizimsə bu utanc ilə nə yaşamağa, nə də ölməyə haqqımız yoxdur. Amma bizlərə bu iradı bildirməyə bu gün məmur etdiklərimizin heç haqları yoxdur. Sadəcə bizdən sonra gələcək nəsillərin çiyninə qoyduğumuz bu yükə görə xəcalət yükümüz var. Xalqımızın sadəlövhcəsinə zillənib baxdıqları zatların kimliyini bildiyimizin ağrısı və millətimizin o baxışlarındakı yazıqlığın, çarəsizliyin üzüntüsü bizlərə yetər. Amma bilin ki, bu vəbal tək bizim boynumuzda deyil. Bu vəbal, siyasəti xəyanətin sinoniminə çevirmiş bir para dəllalın boynundadır…

Düşünməyin ki, hər şey unudulmuş,hər şey yaddan çıxmış. Zaman böyük və amansız bir hakimdir. Onun ədalətinə inanıram.

Türkiyəli şair Fikrət Tuncər gözəl deyib:»Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən»…

Amma savaş bir istəyimizi bizdən ala bilmədi: «BÖYÜK A Z Ə R B A Y C A N»…

26 oktyabr 2017 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: