Qazinin DÖYÜŞ YOLU: «Qırılan qolumu götürüb özümü hospitala çatdırdım»

İkinci Qarabağ müharibəsi bizə igidlərimizi, qəhrəmanlarımızı tanıtdı. Onlar arasında əslən Zəngilandan olan, 1978-ci il təvəllüdlü Elşən Mustafayev də var.

Publika.az «Sputnik Azərbaycan»a istinadla xəbər verir ki, o, müharibənin başlamasından iki gün sonra qismən səfərbərlik elan olunanda xidmətə çağırılıb, Cəbrayıl və Füzuli rayonlarının azad olunmasında yaxından iştirak edib.

«Atam və öz ailəm döyüşlərdə olmağımdan xəbərdar idilər. Lakin anamdan bunu gizlətmişdim. Yaralananda bir müddət ailəm məndən xəbərsiz qaldı, narahat oldular. Onlarla yalnız bir neçə gündən sonra əlaqə saxlaya bildim», — deyə Elşən Mustafayev bildirib.

Minaatan çox yaxınlığına düşdüyündən döyüş yoldaşları öncə onun şəhid olduğunu zənn ediblər:

«Oktyabrın 24-də Füzuli rayonunun Qarğabazar kəndində gedən döyüşlərdə ağır yaralanmışam. Düşmənin açdığı minaatan atəşi nəticəsində mərmi çox yaxın məsafəyə düşüb və qəlpə qolumu qırıb. Qolumu götürüb əsgərlərimin köməyi ilə özümü Cəbrayıl rayonunun Daşkəsən kəndindəki səhra hospitalına çatdıra bildim».

Lakin çoxlu qan itirdiyi üçün o, huşunu itirib: «Ayılanda isə artıq Bakıda, Müdafiə Nazirliyinin Baş Hərbi Hospitalında idim. Əməliyyat olundum və qolum əməliyyatla yerinə bərpa edildi.

Bu qısa müddətdə yeddi dəfə əməliyyat olunmuşam. Qolumun əzələ sistemi bel nahiyəmdən, sümüyü çanaq sümüyündən, damarları ayağımdan götürülərək qolumun bərpasında istifadə edilib. Lakin qolum hazırda işləmir. Deyilənə görə, uzun müddətlik reabilitasiyadan sonra az da olsa qolum işləyəcək».

Yaralı əsgərimizlə bir qədər çətin döyüşlər haqda da danışdıq. Çox təvazökardır. Detallara varmır: «Ən çətin döyüşlərimdən biri Füzuli rayonunun Kürdlər, Qarğabazarı kəndlərində olub. Həmin kəndlərin relyefinə, ərazinin düzənlik olmasına görə çox çətinliklərimiz olub. Döyüşlərdə şəhidimiz və yaralananlarımız da olub. Həmin kəndlər düşməndən azad olunduğu bir vaxtda isə mən yaralandım və hospitala yerləşdirildim».

«Ağır günlərimizin hamısı yaddaqalan idi. Döyüşlər ağır keçsə də, döyüş ruhumuz yüksək olub. Ancaq qabağa atılaraq irəli getməyi düşünürdük, içimizdə nə bir qorxu, nə də ruh düşkünlüyü var idi», — deyə həmsöhbətimiz əlavə edib.

Qeyd edək ki, Elşən Mustafayev ailəlidir, 3 övladı var.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •