29.03.2024

Rus ekspertin etirafı: “Gürcülərə və çeçenlərə qarşı da “İsgəndər” raketlərindən istifadə olunub”

ANAMA-nın (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Şuşada tapıb ictimailəşdirdiyi “İsgəndər-M” raketlərinin qalıqları istər-istəməz belə bir sual meydana gətirirdi: “İsgəndər-M” partlayıbsa onun hissələri necə bu qədər salamat qala bilər? Rus hərbi ekspertləri məhz bu məntiqə əsaslanıb ANAMA-nın ortaya qoyduğu dəlillərin səhihliyinə şübhə yaratmağa çalışırdılar.  

Ovqat.com-un məlumatına görə, Rusiyanın tanınmış hərbi ekspertlərindən olan Pavel Felqenhauer bu suala aydınlıq gətirib. 

Onun fikrincə, raketlər partlamamışdan əvvəl onun arxa tərəfi ayrılır və başlıq hissə havada partlayaraq düşmənə daha böyük zərər vurur. “Buna görə də raketin arxa hissəsi tapıla və hansı silahın atıldığı müəyyənləşdirilə bilər».




Ruziyanın “Vzglayd” qəzetinə açıqlamasında hərbi ekspertin səsləndirdiyi bir başqa fakt isə daha çox diqqətə şayandır.  Felqenhauerin sözlərindən belə çıxır ki, “İsgəndər” raketindən ilk istifadə edilən yer Azərbaycan deyilmiş.  Rusiya 2008-ci ildə Gürcüstan, daha sonra Çeçenistan müharibəsində də bu raketdən istifadə edib və hər iki hadisədə eynilə Şuşada olduğu kimi, “İsgəndər”-in qalıqları tapılıb.

Şuşaya atılan raketin digərlərindən fərqi onun “İsgəndər M” olmasıdır ki, bugünkü mübahisələrin əsas məğzini təşkil edir. Bu fakt həmin raketin Ermənistan tərəfindən yox, Rusiya tərəfindən atıldığına dair mülahizələrə yol açır. Nədən ki, “İsgəndər M” raketi yalnız Rusiya hərbi arsenalında mövcuddur. Moskvanın İrəvana verdiyi raketlərin isə “İsgəndər E” tipli silahlar olduğu zənn edilirdi.

Amma Felqenhauer raketin Rusiya tərəfindən atıldığına inanmır. Onun fikrincə, Rusiyanın Ermənistana “İsgəndər”-in hansı növünün peşkəs edildiyi bəlli deyil. Mümkündür ki, ermənilərə məhz “İsgəndər M” raketi verilsin.



Ekspert Rusiyanın ermənilərə “İsgəndər M” silahı verməklə beynəlxalq öhdəlikləri pozduğuna eyham vuraraq deyib: “Sadəcə həmin raketin «İskəndər-E» olması ehtimal edilirdi. Çünki Ermənistana «İskəndər-M» vermək beynəlxalq öhdəliklərin pozulması olardı. Beynəlxalq razılaşmalara görə, 300 kilometrdən uzaq mənzilli ballistik raketlər ixrac edilə bilməz».

Felqenhauer açıqlamasında onu da vurğulayıb ki, Ermənistana “İsgəndər M” raketləri verilməsi müharibənin gedişinə heç bir təsir göstərə bilməyib. “Üstəlik, azərbaycanlılar da İsrail istehsalı olan ballistik raketlərdən istifadə edirdilər», — deyə analitik qeyd edib.

Ovqat.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: