Düşmənə qan udduran ÜÇ QARDAŞ

Vətən Müharibəsinin ilk günündən əlində silah cəbhənin ən qaynar nöqtələrində düşmənlə ölüm-dirim savaşına girən və  minlərlə cəsur döyüşçü kimi talelərinə Azərbaycanın Böyük Zəfər salnaməsinə öz adlarlını qızıl hərflərlə həkk etdirmək düşən üç qardaş — Elgün, Elkin və Turan bu gün də hərbi xidməti ayıq-sayıq yerinə yetirməkdədirlər. Söhbətimiz Qəbələ rayonunun Tüntül kəndində Gülbala və Sevda Əhmədovlar ailəsinin üç üzvü —  üç qardaş haqqındadır…

     
Modern.az cəsur qardaşlarla bağlı yazını təqdim edir.


Elgün darvazadan həyətə girəndə atası Gülbala kişi ilə üz-üzə gəldi, oğlunun həyəcanlı siması atanın nəzərindən qaçmadı, nigarançılıqla soruşdu:

    
— A bala, nə olub sənə, bir hadisə baş verməyib ki?

    
Elgün:

  
— Yox, ata, narahat olma. Bu gün də  sinifimizdə  kimin hansı peşəni seçəcəyi  ilə bağlı uşaqlarla fikrimizi bölüşürdük. Mən də qərarımı verdim, dedim ki, bu il sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi liseyə verəcəyəm.

   
Gülbala kişi bığ yeri yenicə tərləyən boylu-buxunlu  oğluna qürurla baxdı, xoş təbəssümlə:

  
— Eşitmişəm ki, ora qəbul olmaq  çox çətindir, böyük müsabiqə olur,  mənə qalırsa, yaxşı seçimdir, yolun açıq olsun!

    

Həmin gün Elgün anası Sevda xanımdan da xeyir-dua aldı və imtahanlara, fiziki hazırlıqlara başladı. Arada-sırada oğluna “Elgün, evin böyük övladı sənsən, çalış, qəbul olasan, uşaqlar da sənə baxıb oxusunlar, yaxşı yol seçsinlər” –deyən yeddi övlad — dörd oğlan, üç qız atası Gülbala kişinin o vaxtdan qayğı və nigarançılığı xeyli artdı. Nəhayət, 2005-ci ilin dərs ili başa çatdıqda Gülbala kişi  oğlu ilə birlikdə lisey üçün tələb olunan bütün sənədləri  götürüb Bakıya yola düşdülər. Şəhərdə orta məktəb sinif yoldaşları Mirzəbala Əmrahovu, Rafiq Mirzəyevi, Ağalar İbrahimovu soraqlayıb tapdı, bir çay süfrəsi arxasında həyəcanla  şəhərə gəlişinin məqsədini  dedi. Sinif yoldaşları qışda, şaxtada dizdən yuxarı qarı yara-yara, yayın cırhacırında, yazın, payızın leysan yağışında palçıqlı cığırlarla hər gün 3 km. yolu qət edərək qonşu kənd məktəbinə sübh tezdən özünü çatdıran Gülbalanın ötən çətin günlərinə işarə vuraraq az qala bir ağızdan:

   
— Gülbala, şübhəsiz ki, oğlun da da sənin kimi iradəli, qoçaqdır,  narahat olma, sənin oğlun o liseyə daxil olacaq. Sən arxayın ol və get kəndə qonaqlığa hazırlaş — deyə köhnə sinif yoldaşları Gülbala kişiyə ürək-dirək verdilər. 

   
Elgün ümidləri doğrultdu. Lisеydə hərbi həkim komissiyasından keçib, imtahanları uğurla verdi və məktəbə daxil oldu. O, 3 il ərzində liseydə ümumtəhsil fənlərini dərindən öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində də  imkanlarını inkişaf etdirir, gələcək zabit kimi formalaşması üçün möhkəm zəmin hazırlayırdı. Böyük istək və arzusu onu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gətirdi. 2010-cu ildə Akademiyanı uğurla bitirən Elgün əvvəlcə Salyan, Cəlilabad və Tovuzda, sonra Qazaxda xidmətə başladı.  Bir dəfə 10, ikinci dəfə 4 ay Türkiyədə  xüsusi kəşfiyyat üzrə kurslara qatıldı.
Vətən müharibəsi başlayanda üç körpəsini — 7 yaşlı Ləmanı, 5 yaşlı Aylini və 4 yaşlı Öməri anaları ilə birlikdə Qazaxda qoyub birbaşa cəbhəyə yollandı. Elgün qaynar döyüşlərin getdiyi  şəhər və rayonların,  kəndlərin və strateji yüksəklilərin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşur, hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hər bir əsgər və zabiti kimi  Elgün də böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızın işğaldan, düşmən tapdağından azad edilməsinə öz tövhəsini verdi. Tarix yazan qəhrəman Ordumuzun hər bir əsgər və zabiti kimi Elgün də Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

    
Gülbala kişinin ikinci övladı Elkin Əhmədov 2010-cu ildə böyük qardaşının bitirdiyi  Qəbələ rayonundakı Tüntül kənd məktəbində orta təhsilə yiyələnib hərbi xidmətə yollanır, Naxçıvanda “N” saylı hərbi hissədə artilleriyya qoşunlarında  xidmət edir.


Hərbi xidməti bitirib bir müddət müxtəlif müəssisələrdə çalışır. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğalı, Xocalı faciəsi haqqında eşitdikləri, azğınlaşmış mənfur düşmənin həyasız hədələri, təmas xəttindəki təxribatları, şəhid xəbərləri Elkinə rahatlıq vermir, gecə-gündüz qisas, intiqam hissi ilə alışıb yanırdı. Nəhayət, o, Orduda müddətdən artıq həqiqi hərbi xidmət üçün ərizə ilə müraciət edir və müvafiq yoxlamadan keçdikdən sonra 2019-cu ilin avqustunda Goranboyda —  Ballıqaya istiqamətində xidmətə başlayır. Burada yerli sakinlərdən  1992-ci ildə ermənilərin Ballıqayada törətdiyi vəhşilik — 24 nəfər əliyalın dinc sakinin xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında təfərrüatı ilə eşidəndə Elkinin mənfur düşmənə qarşı kini, küdurəti, nifəti birə on artdı.

14 iyul 2020-ci ildə general Polad Həşimovun şəhid olması xəbəri isə Elkinin səbir kasasını daşırdı, o, da Mübariz İbrahimovun yolunu getməyi fikrindən keçirdi. Döyüş yoldaşlarının birinin “Tələsmə, o gün uzaqda deyil” — sözləri Elkini sakitləşdirdi. Çox keçmədi ki, intiqam, qisas günü gəldi, Elkin silaha sarıldı. Talış, Suqovuşan uğrunda döyüşlərdə misilsiz şücaət göstərdi, iki metrliyində düşən 120 mm-lik minamyotun partlamasından aldığı 18 (!) qəlpə yarası ilə  yenə düşmən üzərinə şığıdı. Qəlpələrin  10-u bədənindən çıxarılsa da, 8 qəlpə ilə Kəlbəcərdə xidmətini davam etdirdi. Cəsur döyüşçü Elkin hazırda Goranboyda hərbi vəzifəsini yerinə yetirməkdədir.  

    
Gülbala kişinin üçünci övladı 19 yaşlı Turana da erməni cəlladlarına qarşı vuruşmaq və qisas almaq  xoşbəxtliyi nəsib olub.


O, orta məktəbi bitirib Vətən qarşısında əsgəri borcunu yerinə yetirmək üçün 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Təmas xəttinin beş addımlığında Füzuli rayonunda hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il — Turanın hərbi xidmətinin beşinci ayı Vətən Müharibəsi başlayır. Bu tarix — yağı düşməndən qisas alınacağın başlanğıc günü   kimi onun yaddaşından heç vaxt silinməyəcək. Həmlə qrupunun ən cəsur döyüşçülərindən biri kimi Turan Füzuli, Laçın, Xocavənd rayonlarının, bir çox yüksəkliklərin azad olunmasında, düşmən postlarının ələ keçirilməsində xüsusi qəhrəmanlıq  göstərir. Bəzən o, gözünü qırpmadan güllə yağışı altında həyatını risk altına qoyub, yaralı silahdaşlarını döyüş meydanından çıxarır və həyatlarını xilas edirdi. Boy-buxunu, çevik və xüsusi döyüşkənliyi, iradəsi, Vətənə bağlılığı,  cəsurluğu, qorxmazlığı və iti zəkası ilə komandanlığın diqqətini çəkən Turana Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək təklif olunanda qanadı olsaydı, uçardı… İndi o da, qardaşları kimi peşəkar hərbçilər cərgəsində xidmət ərəfəsindədir.

 
Yüksək döyüş uğurlarına görə ayrı-ayrı vaxtlarda doğma kəndlərinə qısa müddətli məzuniyyətə gələn qardaşlar bir məkanda –Tüntül kəndinin kirəcəyində Vətən Müharibəsində şəhid olan İsmayıl Kərimovun şərəfinə tikilən bulağın önündə dayanır,  bulağın kənarındakı lövhədəki şəhid adlarını (Lövhədə sovet dövründə “Engels” adına kolxozun birləşdirdiyi üç kiçik kəndin- Nohurqışlaq, Tüntül və Yengicənin  Birinci və İkinci Qarabağ savaşında verdiyi 21 şəhidinin adı həkk edilib)   bir –bir nəzərdən keçirir və astadan pıçıldayırlar:

  
— Qardaşlar, ruhunuz şad olsun, qisasınızı aldıq, Vətən murdar erməni tapdağından azaddır.



Abid Tahirli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •